Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə Bakı Bəyannaməsinin imzalanması mühüm tarixi əhəmiyyətə malikdir. Bəyannaməni Milli Məclis sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar. Bu vacib qərar 3 ölkə arasındakı dostluq, qardaşlıq, tarixi və mədəni əlaqələr, qarşılıqlı hörmət və etimad əsasında mövcud olan münasibətlərin yeni müstəviyə daşınması üçün əsaslar yaradacaq.
Bunu tan.az-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, dövlətlərimiz və millətlərimiz arasında mövcud münasibətləri daha da dərinləşdirmək üçün üç ölkə arasında parlament dialoqunun və əməkdaşlığın gücləndirilməsi zəruri idi: “Bölgədə sülh, sabitlik və inkişafın qurulmasında və təşviq edilməsində Azərbaycan, Pakistan və Türkiyənin tutduğu mövqe mühüm əhəmiyyət kəsb edir. 3 dövlətin bundan sonrakı dönəm üçün birgə atacağı addım bölgə və qlobal müstəvidə müsbət tendensiyaları özündə ehtiva edir”.
Deputat bildirib ki, bu üç ölkə arasındakı tərəfdaşlıın tarixi kökləri var: “Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz dost, qardaş dövlətlərlə münasibətlər yeni bir müstəvidə qurulmağa başladı. Azərbaycanın müstəqilliyni ilk tanıyan dövlət qardaş Türkiyə olub. Pakistanda ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdəndir. Sözsüz ki, bu münasibətlər ölkələr arasındakı əlaqələrin yeni bir müstəviyə yüksəlməsində də mühüm amil hesab olunur. Bu gün dünyada qardaş Türkiyə ilə Azərbaycanın münasibətləri səviyyəsində olan ikinci bir nümunə yoxdur. İki qardaş ölkə bütün sferalarda bir-birinin maraqlarını açıq şəkildə dəstəkləyir. Beynəlxalq və regional məsələlərdə iki qardaş ölkənin sərgilədiyi mövqe eyni strategiyaya, eyni hədəfə yönəlib. Bu iki dövləti tarixi ənənələr, milli dəyərlər daha da yaxınlaşdırır. Pakistanla Azərbaycan arasında da dostluq, qardaşlıq münasibətləri mövcuddur. Pakistan məhz Ermənistanın işğalçılıq mövqeyinə görə, bu ölkənin dövlət kimi müstəqilliyini tanımayıb. Pakistanla Azərbaycan arasındakı münasibətlər xalqların bir birinə olan sevgisi münasibətlərdə də özünü biruzə verir”.
Sevinc Hüseynova söyləyib ki, II Qarabağ müharibəsində Azərbaycana qardaş Türkiyə və Pakistanın açıq və birmənalı dəstəyini xalqımızı hər zaman yüksək qiymətləndirir: “Məhz bu günlərdə üç qardaş ölkənin parlament sədrləri tərəfindən imzalanan Bakı bəyannaməsi də birgə əməkdaşlığa, qarşıda duran hədəflərə çatmaq üçün mühüm bir strateji mahiyyət kəsb edir. “Bakı Bəyannaməsi” 3 dövlətin strateji müttəfiqliyini, dostluğunu əks etdirir. Eyni zamanda Bakı bəyannaməsi gələcək əməkdaşlığımızın istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da önəmlidir. Bəyannamə dostluğumuzun, qardaşlığımızın sarsılmaz və davamlı olmasında mühüm istinad nöqtəsi olmaqla bölgədə və qlobal səviyyədə ümumi səylərin birləşdirilməsində vacib amil kimi qiymətləndirilir”.