Home Manşet “Çətinliklər cəsarətlə aradan qaldırılmaqdadır” KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Çətinliklər cəsarətlə aradan qaldırılmaqdadır” KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

252
0
SHARE

“Çətinliklər cəsarətlə aradan qaldırılmaqdadır” KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“İlin 6 ayının yekunlarına görə Azərbaycan iqtisadiyyatında 2%, qeyri-neft sektorunda 5%, aqrar sektorda 6,7% inkişafın əldə olunması göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən qurtarıb və pandemiyanın, eləcə də müharibənin yaratdığı çətinliklər cəsarətlə aradan qaldırılmaqdadır”. Bu sözləri tan.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

tahir_rzayev.jpg

Komitə sədrinin sözlərinə görə, əlbəttə ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş iqtisadi siyasətinin nəticəsidir və bu, rəqəmlərdə özünü bir daha göstərir.

“Cənab Prezident Daşkəsən rayonunda Azərbaycan televiziyasına verdiyi müsahibədə də bu amilləri bir daha dilə gətirərək bildirmişdir ki, 2020-ci il Azərbaycan xalqı üçün nə qədər çətin olsa da biz düşmən üzərində uğurlu qələbə qazandıq və dünyaya sübut elədik ki, Azərbaycan xalqı öz hüquqlarını müdafiə etməyə, öz torpaqlarını azğın düşməndən qurtarmağa, azad etməyə qadirdir. Ancaq müharibənin doğurduğu, eləcə də pandemiyanın gətirdiyi bu çətinliklər Azərbaycan xalqını heç də qorxutmadı və birlikdə bu nəticələrin aradan qaldırılması üçün çox mühüm tədbirlər həyata keçirildi. Bu, rəqəmlərdə də özünü bir daha qabarıq şəkildə göstərir. Bu gün dünyada iqtisadi böhran yaşandığı halda, bir sıra ölkələrdə ciddi iqtisadi çətinliklər olduğuna baxmayaraq, Azərbaycan belə çətin ildə öz uğurlarını möhkəmləndirməyə qadir oldu.

Əlbəttə ki, bundan sonra da bu uğurlar davam etdirilməlidir. Cənab Prezident xatırlatdı ki, qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olmalıdır, xüsusən aqrar sahənin inkişafına daha çox önəm verilməlidir, işğaldan azad olunmuş torpaqlarda bərpa işlərinin genişləndirilməsi və həmin sahələrin minalardan təmizlənməsi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması, eləcə də ordu quruculuğunun möhkəmləndirilməsi üçün bundan sonra da əsaslı tədbirlər görülməlidir.

Cənab Prezident bir daha dünya ictimaiyyətinə bəyan etdi ki, Azərbaycan xalqı sülhsevər xalqdır, biz müharibədə qalib gəlsək də danışıqların tərəfdarıyıq, sülhün tərəfdarıyıq, ona görə də bu məsələlərlə əlaqədar dəfələrlə biz Ermənistan rəhbərliyinə müraciətlər etmişik. Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur, artıq Dağlıq Qarabağ yoxdur və Dağlıq Qarabağın statusundan söhbət gedə bilməz, artıq Qarabağ iqtisadi zonası var, ona görə də bundan sonra Ermənistan rəhbərliyinin, Ermənistan təcavüzkarlarının yenidən revanş götürmək cəhdləri əbəsdir və onlar ağır bəlalara düçar ola bilərlər. Cənab Prezident beynəlxalq aləmdə baş verən hadisələrə də diqqəti cəlb edib, göstərib ki, Azərbaycan bu gün beynəlxalq aləmdə öz nüfuzunu artırmaqdadır və görülən tədbirlər bilavasitə Azərbaycan xalqının humanist mövqedən çıxış etdiyini sübut edir.

Ölkə başçısı, Azərbaycanın pandemiya dövründə dünya ölkələrinə göstərdiyi yardımdan, köməkdən də ətraflı danışıb, qeyd edib ki, bir çox beynəlxalq təşkilatlarla Azərbaycanın əlaqələrinin möhkəmləndirilməsinə önəm verilib və hörmətli Prezidentimiz bundan sonra da bu məsələlərin diqqət mərkəzində olacağına inamını bildirir və göstərir ki, biz qətiyyətlə irəliləyirik, biz qalib xalqıq və bundan sonra biz qələbələrimizin sayını daha da artırmalıyıq”, deyə Tahir Rzayev bildirib.