“Son vaxtlar sosial mediada ölkəmizdə Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun keçirilməsi və VI çağırış Milli Məclisin buraxılması haqqında fikirlər yayılır, bu barədə müzakirələr aparılır. Amma məlumatlar heç bir ciddi arqumentə əsaslanmır”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, ötən illər ərzində iqtisadi sahədə, o cümlədən gömrük-vergi sistemində islahatlardan sonra reformalar siyasi sferaya keçid etdi. Bunların sırasında Prezident Adminsitrasiyasında, Nazirlər Kabinetində, nazirliklər və yerli icra orqanlarında struktur islahatlarını qeyd edə bilərik. Eləcə də, ciddi kadr islahatları da aparıldı, dövlət strukturlarında müasir tələblərə cavab verən kadrlar irəli çəkildi. Burada əsas məqsəd ölkəmizdə şəffaflığın təmin olunması, demokratik mühitin gücləndirilməsi, həmçinin korrupsiyaya qarşı mübarizənin daha ciddi şəkildə aparılmasından ibarətdir.
Millət vəkilinin sözlərinə görə, hazırda ölkəmizdə təkmil dövlət idarəçiliyi mövcuddur: “Respublikamızda dəqiq hakimiyyət bölgüsü var. Kadr islahatları hakimiyyətin hər üç qolunda aparılıb. O cümlədən parlamentdə də önəmli islahatlar baş tutub. VI çağırış Milli Məclisin tərkibinin formalaşmasında bu amil özünü göstərir. Eləcə də, parlamentdə aparılan struktur islahatları müasir tələblərinə uyğundur. VI çağırış Milli Məclisdə aparılan islahatlar da siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib. Siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşıb. VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaradılmasının əhəmiyyətini xüsusi vurğulayıb. Bütün bunların nəticəsi olaraq Milli Məclisin sədrinin müavinlərinin biri bitərəflərin, digəri isə müxalifətin nümayəndəsidir. Həmçinin, komitə sədrlərinin müavinləri də müxalif deputatlardır. Göründüyü kimi, parlamentin tərkibi çoxpartiyalı sistem əsasında formalaşıb, partiyalar arasında normal əməkdaşlıq mövcuddur. Bu da yeni siyasi mədəniyyətin təzahürüdür. Onu da bilirsiniz ki, cənab Prezidentin iradəsi əsasında ölkədə siyasi partiyaların qeydiyyata alınmasında olan əngəllər tam aradan qaldırılıb. Aparılan siyasi islahatların nəticəsidir ki, cənab Prezidentin çağırışlarına cavab olaraq ölkədə siyasi dialoq mühiti hökm sürür. Vətən müharibəsindən öncə və müharibənin gedişi zamanı radikalları çıxmaq şərtilə ölkədə fəaliyyət göstərən siyasi partiyalar birgə bəyanatlarla çıxış edərək həmrəylik nümayiş etdirdilər”.
S.Hüseynova qeyd edib ki, VI çağırış parlament dövlət başçısının daxili və xarici siyasətini, eləcə də parlament üzvlərinə verdiyi tövsiyələri həyata keçirməkdədir: “VI çağırış Milli Məclisin fəaliyyətə başlayandan qısa müddət sonra pandemiya ilə üzləşdik. Buna baxmayaraq, sözügedən dövrdə Milli Məclisin ardıcıl və məhsuldar fəaliyyətinin təşkili üçün bir sıra tədbirlər həyata keçirilib. Bu çərçivədə Milli Məclisin fəaliyyətində müasir texnologiyaların tətbiqi genişləndirilib, parlamentin komitə və komissiyalarının iclasları onlayn qaydada keçirilib. Bu dövrdə çoxlu qanunlar müzakirə edilərək qəbul olunub, həmçinin ictimaiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr təşkil edilib. Həmin dinləmələrdə mərkəzi icra hakimiyyət orqanlarının rəhbərləri də iştirak ediblər. Digər bir məsələ isə Vətən müharibəsində Milli Məclisin fəaliyyəti ilə bağlıdır. Cənab Prezidentə dəstək olaraq parlament tərəfindən beynəlxalq təşkilatlara müraciətlər olunub, bəyanatlar verilib. Müharbə dövründə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün parlament diplomatiyası var gücü çalışdı, Milli Məclis 88 ölkə parlamentinə, 11 beynəlxalq təşkilatlara məktublar göndərdi, bəyanatlar verildi. Bundan başqa, parlament diplomatiyası çərçivəsində müxtəlif ölkələrə qarşılıqlı səfərlər baş tutdu”.
Deputat parlamentin seçicilərlə işini də yüksək dəyərləndirib. Onun sözlərinə görə, pandemiya şəraitində millət vəkilləri seçicilərlə həm onlayn, həm də canlı formada görüşlər keçirirlər: “Seçicilərin müraciətləri, qayğıları diqqətlə dinlənilir, onların həlli ilə bağlı əlaqədar icra orqanlarına məktublar göndərilir. Həmçinin, Milli Məclisdə deputatlar vətəndaşları narahatları edən məsələləri həm parlament tribunasından səsləndirir, həm də media vasitəsilə cəmiyyətə çatdırır. Bir sözlə, VI çağırış Milli Məclis öz fəaliyyətini yüksək həyata keçirir. Bütün bunların fonunda parlamentin buraxılması, referendumun keçirilməsi haqqında yayılan məlumatların heç bir əsası yoxdur. Buna zərurət də yoxdur. Bu məlumatların yayılması müəyyən radikal siyasi qüvvələrin maraqlarına xidmət edir və həqiqəti əks etdirmir”.