44 günlük müharibədə ağır məğlubiyyətə uğramış Ermənistan Qərblə Rusiya arasında “vurnuxur”; Nikol Paşinyanın manevrləri onu xilas edəcəkmi?
…Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirdi ki, ümumiyyətlə, bu problemlər bir neçə müddətdir yaşanır: “Yəni Qərbin Ermənistana marağını və buradakı nüfuzunu artırmaq cəhdi, KTMT üzvlüyü amilinin qabardılması , sülhməramlıların işinin öhdəsindən gəlməməsi məsələsinin gündəmə gətirilməsi məqsədyönlü şəkildə edilir. Baxmayaraq ki, bu il sentyabrın 16-da Ermənistanın KTMT-yə sədrliyi üzərinə götürəcək, sanki onlar bu hərbi blokun üzvü deyillər. Son hadisələrdə, delimitasiya və demarkasiya məsələsində də hiss edilirdi ki, Ermənistan ordusu həm məqsədli, həm də xaotik şəkildə atəşkəsin pozulmasından istifadə edir. Fransanın və ABŞ-ın, son vaxtlar İranın da səfirliklər səviyyəsində sərhəd bölgələrinə səfərləri marağın regional deyil, qlobal olmasından xəbər verir. Təbii ki, Qərb Minsk Qrupu çərçıvəsində özünün olmayan reputasiyasını bərpa etməyə çalışır, hansısa müşahidəçilərdən danışırlar. Heç şübhəsiz, Rusiya imkan verməz ki, o ərazilərə hansısa əlavə silahlı qüvvələr gəlsin. Bu, onun beynəlxalq imicinə ciddi zərbədir. İkincisi, Türkiyə və Ermənistan sərhədi NATO-Rusiya sərhədidir və bu da kifayət edir ki, məsələ Qərbsiz həll edilsin. Sadəcə, Qərb bunu istəmir ki, Türkiyə Rusiya və Azərbaycanla birlikdə problemləri çözsün”. A.Nağıyev əmindir ki, burada iqtisadi, hərbi və ən başlıcası siyasi maraqlar var: “Erməni tərəfi başa düşür ki, bu siyasi gedişatla heç vaxt Rusiyanı öz ərazisindən çıxara bilməyəcək və KTMT-nin üzvlüyünü qabartmaqla da heç nəyə nail ola bilməyəcək. Sadəcə olaraq, fikir ayrılıqları vasitəsilə yenə Qərbdən ianə və digər dividentlər əldə etməyə çalışırlar. Onlar fikirləşməlidirlər ki, ortada Şuşa Bəyannaməsi və üçtərəfli Azərbaycan-Türkiyə- Pakistan bəyannaməsi var. Ən başlıcası üç dövlətin imzaladığı 10 noyabr sazişi var və nəyin bahasına olursa-olsun bunlar yerinə yetirilməli və yetiriləcəkdir”.