Bakı. Trend:
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) rəhbərliyi və əməkdaşları ilə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri arasında görüş keçirilib.
Trend-in məlumatına görə, görüşdə “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi müzakirə olunub. Görüş çərçivəsində proqram zamanı tədris olunması təklif olunan mövzularla bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda maarifləndirmə işlərinin genişləndirilməsi üçün birgə tədbirlərin həyata keçirilməsi haqqında ilkin razılıq əldə olunub.
Qeyd edək ki, layihənin məqsədi qida təhlükəsizliyi və COVID-19-un profilaktikasına dair tələblərin dolayı yollarla məktəblilərə çatdırılması və ümumtəhsil müəssisələrinə qida bələdçilərinin təyin olunmasıdır. Layihə çərçivəsində iştirakçılara qida təhlükəsizliyi və koronavirusun profilaktikasına dair metodiki göstərişlərin, eləcə də digər sanitar-gigiyenik qaydaların tədrisi, məktəblilər arasında sağlam qidalanmanın təbliği nəzərdə tutulub.