Home Gündəm Azərbaycan-Türkiyə münasibətləri bir sıra sahələr üzrə keyfiyyətcə yeni müstəviyə keçməkdədir

Azərbaycan-Türkiyə münasibətləri bir sıra sahələr üzrə keyfiyyətcə yeni müstəviyə keçməkdədir

340
0
SHARE

Bakı. Elçin Mehdiyev – Trend:

Türkiyə ilə Azərbaycan arasında tarixi dostluq, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrin möhkəmləndirilməsi üçün daim çoxşaxəli tədbirlər həyata keçirilir. Xalqımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və digər bir çox qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli gündə də, kədərli gündə də bir-birlərinin yanında olublar.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, Azərbaycanın dost və qardaş ölkə olan Türkiyə ilə bütün sahələrdə əlaqələri ən yüksək zirvədədir: “Bildiyiniz kimi, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edərkən onu ilk tanıyan dövlət Türkiyə oldu. Bu gün iki qardaş ölkə arasındakı münasibətlər möhkəm təməllərə əsaslanır. Hazırda münasibətlərimiz böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə uyğun olaraq inkişaf edir.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Vətən müharibəsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu amil bizim qardaşlığımızın sarsılmazlığını ifadə edir.
Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Resublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. Bir neçə il öncə Şərq Tərəfdaşlığı sammitində Ermənistan prezidentinin əsassız iddalarına cavab olaraq cənab İlham Əliyevin “Türkiyə burda təmsil olunmur, amma mən varam” deyərək qarşı tərəfi susdurması Azərbaycan və Türkiyə cəmiyyətində çox yüksək qarşılandı.

Ümumiyyətlə, möhtərəm Prezidentimiz Azərbaycan-Türkiyə münasibətlərini dünya üçün nümunə adlandırıb. Dövlətimizin başçısı qeyd edib ki, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”.

Deputat vurğulayıb ki, Azərbaycan və Türkiyə qardaşlığının daha bir möhtəşəm təzahürü Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində Azərbaycanın göstərdiyi fədakarlıq idi: “Bildiyiniz kimi Azərbaycan yanğınlar başlayan ilk saatlardan öz qardaşlığını göstərdi, cənab Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Türkiyədə yanğınların söndürülməsi üçün böyük heyət və xüsusi texnikalar, o cümlədən amfibiya təyyarəsi, helikopter göndərdi. Yanğınsöndürənlərimiz orada böyük fədakarlıq göstərdilər, öz doğma Vətənlərindəki kimi böyük əzimkarlıq nümayiş etdirdilər. Azərbaycanın bu dəstəyi Türkiyə dövləti və xalqı tərəfindən də yüksək dəyərləndirildi. Bu, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin daha bir təzahürüdür”.