Home Gündəm Azərbaycan yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar prinsipial...

Azərbaycan yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar prinsipial mövqedədir – Deputat

220
0
SHARE

Bakı. Trend:

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin istər yerli, istər xarici mətbuata verdiyi bütün müsahibiləri kimi “CNN Türk” telekanalına geniş müsahibəsi də beynəlxalq aləmdə böyük maraqla izlənildi. Prezident “CNN Türk”-ə müsahibəsində regionda baş verən əhəmiyyətli proseslərə toxunmaqla yanaşı, bir çox istiqamətlərdə önəmli mesajlar da verdi.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Oqtay Əsədov deyib.

Onun sözlərinə görə, Ali Baş Komandanın müsahibəsində daha çox diqqət çəkən məqam Ermənistana və onu himayə edənlərə, gizli yollarla silahlandıranlara ciddi mesajların verilməsi, xəbərdarlıq edilməsi oldu:

“Azərbaycan yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar prinsipial mövqedədir. Cənab Prezident müsahibəsində ölkəmizin yenə də bu mövqedə olduğunu vurğuladı. Ali Baş Komandan bildiridi ki, ilk növbədə, 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın tələbləri yerinə yetirilməli, Ermənistan bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir. Həmçinin Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar konkret addımlar atmalı, vaxtında sülh müqaviləsinə hazırlıq işləri görməlidir”.

“Digər tərəfdən, Ermənistanın Laçın yolu vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silah və hərbçilər göndərməsi regionda gərginliyin artmasına səbəb olur, sülh və təhlükəsizliyə ciddi maneələr yaradır. Azərbaycanın bu ərazilərdə baş verən prosesləri yaxından izləmək üçün bütün texniki imkanlara malikdir və adekvat addımlar atılır. Ermənistan anlamalıdır ki, bütün təxribatların qarşısı qalib Azərbaycan Ordusu tərəfindən alınacaq və onun bu siyasəti özü üçün çox ağır nəticələr verəcək” – deyə deputat qeyd edib.

O.Əsədov bildirib ki, Azərbaycan Prezidenti regionda formalaşdırılmış sülhün təkcə ölkəmizin deyil, ümumilikdə Cənubi Qafqaz dövlətləri, o cümlədən də, Ermənistan üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Bunun üçün isə qarşı tərəfin sülhə razılaşmaqdan başqa yolu yoxdur:

“Ancaq Ermənistan nəinki imzalanan bəyanata əməl etmir, hətta son zamanlar qeyri-konstruktiv hərəkətlərilə regionda yeni qarşıdurma yaratmağa əl atır. Elə buna görə də Prezident İlham Əliyev təkcə Ermənistana deyil, bu ölkəni silahlandıraraq Qarabağda və Azərbaycanla sərhəd zonasında təxribatlar törətməyə, atəşkəsi pozmağa təhrik edən qüvvələrə də açıq və aydın şəkildə mesajlar verdi. Ali Baş Komandan, eyni zamanda, Rusiyanın Ermənistanı silahlandırması, Rusiya sülhməramlılarının üçtərəfli Bəyanatının prinsiplərinə tam riayət etməməsi, Azərbaycanın müharibə istəmədiyi, lakin zərurət yaranacağı halda yenidən müharibəyə başlaya biləcəyinə dair fikirləri ilə siyasi auditoriyaya açıq mesajlar verdi. Qarabağda sülhün qorunmasını təmin etməli olan Rusiya sülhməramlılarına xəbərdarlıq ünvanladı. “Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatla onun üzərinə düşən bütün müddəaları yerinə yetirsin. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməyərək, uzunmüddətli sülhü təmin etmək üçün addımlar atacaq. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın”.

Deputuat əlavə edib ki, dövlətimizin başçısının bu bəyanatı Azərbaycanın Qələbəsindən, müharibənin başa çatmasından və Ermənistan rəhbərliyinin də məğlubiyyətlə barışmasından sonra bölgədə hərbi manevrlərin, silahlanmanın anlaşılmaz və yolverilməz olduğunu bir daha açıq-aşkar göstərdi:

“Bir sözlə, cənab İlham Əliyevin “CNN Türk” telekanalına müsahibəsi Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmli olmaqla yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə də xidmət edəcək”.