Home Gündəm Zəngəzur dəhlizinin həm avtomobil, həm də dəmir yolu olması zərurətdir – Könül...

Zəngəzur dəhlizinin həm avtomobil, həm də dəmir yolu olması zərurətdir – Könül Nurullayeva

230
0
SHARE

Bakı. Trend:

Zəngəzur dəhlizinin həm avtomobil, həm də dəmir yolu olması zərurətdir.

Bunu Trend-ə deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, əsas məqsəd qısa vaxtda vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmasını təmin etməkdir:

“Bir neçə gün əvvəl Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı Qarabağda bərpa prosesinin kompleks şəkildə davam etdiyini gördük. Yarımstansiyanın fəaliyyətə başlaması, su elektrik stansiyasının tikintisi, Laçın rayonunda beynəlxalq hava limanının, iki tunelin təməlinin qoyulması, eləcə də digər infrastruktur layihələri icra edilməkdədir. 700 kilometrlik yolun çəkilişi prosesi, qışa qədər işin təqribən 80 faizinin icrası hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənməyimizə imkan verəcək. Prezident İlham Əliyevin də söylədiyi kimi, qayıdış üçün bu gün bizə zaman lazımdır. 30 il ərzində ermənilərin viran qoyduğu, xarabalığa çevirdiyi ərazilərin bərpası təbii ki, vaxt tələb edən prosesdir. Müsbət məqam isə budur ki, həm Qarabağın, həm də Şərqi Zəngəzurun bərpası üçün Azərbaycan kifayət qədər maliyyə vəsaiti toplayıb. Əsas məqsəd qısa vaxtda vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmasını təmin etməkdir. Ən geci növbəti ilin əvvəlində tamamlanacaq və Zəngilan rayonunda 3 kəndi birləşdirən layihə ilkin təcrübə olacaq.

Bərpa prosesi həm də bölgədə dayanıqlı sülhə xidmət edir. Rəsmi Bakı Ermənistanla sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiyası prosesi də başlamalıdır. Ermənistan postmünaqişə dövründə pozucu fəaliyyətindən əl çəkməlidir. İşğal dövründə bu siyasətin bu ölkənin özü üçün hansı ağır nəticələrə səbəb olduğunu hər an xatırlamalıdır.

Kommunikasiyaların paralel açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bütün tərəflərin maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi, eyni zamanda Ermənistanın dəmir yolu ilə həm İran, həm də Rusiya ilə əlaqə yaratmasına imkan verəcək. Bu, Ermənistan üçün fürsətdir.

Azərbaycan üçün yaranan imkanlara gəlincə, Zəngəzur dəhlizi BTQ-dan sonra ölkəmizlə Türkiyəni birləşdirəcək ikinci istiqamət olacaq. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşməsi isə xüsusilə strateji əhəmiyyət kəsb edir. Eyni zamanda Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzurda avtomobil yolunun çəkilməsi də Azərbaycanın haqlı tələblərindən biridir. Dövlət başçımızın da söylədiyi kimi, Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır.
Yəni bu nəqliyyat qovşağı bölgə ölkələri üçün də yeni fürsət olacaq. Sadəcə, Ermənistan rəhbərliyi hazırkı prosesi və təklif olunan əməkdaşlıq təkliflərini düzgün dəyərləndirməlidir”.