Home Cəmiyyət Sondan başlayan əhvalat: sənin adın O

Sondan başlayan əhvalat: sənin adın O

254
0
SHARE

Əkiz doğulmağın çətin tərəfləri var – verməli olduğun qərarların yarısı sənin əlində olmur…

 

Əlindəki telefonu bərk-bərk sıxaraq, avtobusun yağış döymüş şüşələrindən şütüyüb keçən ağaclara baxırdı. Kənardan elə görsənirdi ki, hansısa gecikmiş vacib bir zəngi gözləyir. Fikirli olduğu da məlum idi, ancaq yanında oturduğu sərnişini, bəlkə də, tanıya biləcəyini ağlına belə, gətirmirdi.

 

İki dəfə öskürdüm: Zibil siqaretin həyatımda buraxdığı ən əclaf ləkə – səhərlər gün işığından qabaq  iyrənc səsindən qalxmaq kimi işgəncə. Bir az da pəncərəyə sıxıldı. Məlum öskürəyin əks reyaksiyası idi.

 

Üçüncü dəfə öskürəndə qeyri-ixtiyari mənə tərəf baxdı. Tanımaq üçün tərpənən baxışlar olmadığı dəqiq idi. 4-5 saniyədən sonra gözləri dondu, tərpənmədi. İndi gözlərində ağacları deyil, özümü və avtobusda oturan başqa sərnişinləri görə bilirdim. Arxada buraxdığım 15 ilin uğursuzluqları, 15 ilin işgəncələri baxırdı gözümün içinə. Dəyişən xarakterlərim, indiyə qədər qəbul edə bilmədiyim səhvlərim yığılıb zillənmişdi üzümə.

 

Əlindəki telefonu sıxmaqda hələ də davam edirdi. Qocalmışdı bir az. Xeyr, qocalmamışdı, müdrikləşmişdi elə bil. Cəmi 33 yaş. İki adi qoşa rəqəmin insan görkəmini nə qədər dəyişdiyi keçdi ağlımdan. İllər çox qəddar olur, insanlar isə doğulandan itirməyə başlayırlar. Əvvəlcə körpəliyini, süd butulkanı, sonra uşaqlığını, oyuncaqlarını, məktəbli çantanı itirirsən, ilk sevgini, uşaqlıq məhəbbətini, gəncliyini… Doğmalarını belə, itirirsən.

 

Onun da itirdiklərini üzünə baxanda görmək olurdu. Ən çox üzüldüyüm gənclik təbəssümünü görə bilməmək idi. Salamını güclə eşitdim. Ancaq həmişəki kimi gülümsəmədən verdiyi salam içimi doğramadan keçə bilməzdi. Verəcəyim bütün sualların cavabı idi bu cür salamlaşma. Üzümə zilləndiyi gözlərinə eyni reyaksiyanı göstərməyə isə cəsarətim çatmadı. Təmasdan vəfalı kirpiklərimlə xilas ola bildim. Əvvəllər də belə idi: qazana bilmədiyim bir rəqabət – gözləriylə döyüşmək.

 

İlk dəfə onu görəndən 15 il keçmişdi . Zaman nə tez keçərmiş. Elə bil dünən aşiq olmuşdum, bu gün yuxudan oyananda artıq unutmuşam. Çətini unutmağa çalışmaqdır axı. Sonra ləzzət ala-ala əzab çəkirsən. Həzz qutaranda isə artıq unutmuş olursan. İçindəki o həzdən çalışıb tez bezmək lazımdır. Unutmaq həm də qürurdur, itirdiyinin mükafatıdır, yollarda, parklarda, avtobusda, metro vaqonlarında axtarmamaqdır.

 

Hal-əhval etdiyimizi həyəcanımın kölgəsində yaddan çıxarmışam. Ancaq illərdir xatırlayacağım, bəlkə də xatırlayacağımız ömrü qısaldılmış bu dəqiqələrin dəyəri bütün yazılan kitablardan, bəstələnən musiqilərdən, kilsələrdə, muzeylərdə qorunan rəsmlərdən dəyərlidir. Sonuna çatmaq istəmədiyin bir yol və düşmək istəmədiyin avtobus – hər kəsin həyatında bir, ya da ikicə dəfə olur. Üçüncülər, dördüncülər isə gündəlik işə gedib-gəlmək kimidir.

 

– Lap uşaq kimi idin. Zahiri görkəmini deyirəm – gülümsəyir, – elə bil birdən-birə böyümüsən.

 

– Hə, elədir. Düz deyirsən…

 

Eyni təbəssümü özünə qaytararaq:

 

– Yəqin, qocaldığımın dolayı yolla təsviridir bu. Əvvəl də belə idin. Dolayısı ilə çatdırmaq istədiklərini hələ təzə anlamağa başlayıram. Uşaqlıq hislərinin cəzasını yaşlandıqdan sonra çəkərmişsən.

 

Bir az susdu. Cavab verməyə tələsmirdi, sanki. Əlindəki telefon da işgəncədən xilas olmuşdu. Aradakı həyəcan ömrünü təhvil verməyə başlamışdı.

 

– Hə… Hisslər… Ən tez ləkə götürən onlardır. Ən zərif də onlardır. Elə Allahın insanlara verdiyi ən ağır yük də. Ömür boyu daşımalı, ancaq kirlənməyə qoymamağa borclu olduğun hisslər. Heç çalışdınmı ki, onları həmişə təmiz saxlayasan? Təkcə sevgini demirəm. Məhəbbət onun bir zərrəsidir. Şeir yazırdın, indi bilmirəm, davam edirsən, ya yox. Həmin o şeirlərin içindəkiləri nəzərdə tuturam.

 

Mühazirə söyləyirdi elə bil. Bir anlıq dərs dediyi tələbələrin arasında olmaq istədim:

 

– Çalışdıqlarımın hamısına nail olduğuma əmin deyiləm. Əmin olduğum tək şey səni unutmağımdır.

 

– Mən də çox şeyi unutdum. Ancaq nəyəsə nail olmaq üçün çalışdım bütün bunlara. İlk olaraq uşaqlıq xəyallarımı atamla birlikdə basdırdım kənd qəbiristanlığında. Ən asan unutduğum oyuncaqlarım oldu: bircə dəfə torbaya yığıb atdım. Etiraf edim, sən də çətin olmadın. Hətta atamın necə öldüyünü belə, xatırlamıram daha. Ancaq bu hisslərin heç birinin kirlənməsinə, kiminsə ləkələməsinə imkan vermədim. Özümə qarşı belə, qəddar davrandım bu məsələdə. Məni qocaldan qətiyyətim oldu. Diqqətlə baxsan, kifayət qədər ağarmış saç görə bilərsən. Hamısı deyil ki, rəngləyirəm tez-tez.

 

Səsi heç dəyişməmişdi. Gözlərindəki yaşamaq eşqi də, iradə, əzm də on beş iləvvəl necə idisə, elə qalmışdı. Yaşamağa meydan oxuyan həmin gözlər…

 

– Qibtə olunası gücdür.

 

Yenə qısa bir sükut çökdü. Tərif olunmağı hələ də xoşlamadığı gəstərdiyi reyaksiyadan bilindi.

 

– Doğum günümü belə, unutdun. İlahi bir qüvvədir.

 

Ayrılandan sonra üzünə çırpmaq istədiyim yeganə sillə bu idi. Qəbir daşı qədər ağır bir yükü atdım elə bil üzərimdən.

 

– Doğrudan aa, olmaya bu gün ad günündür, xəbərim olmaz. Nə vaxt idi sənin doğum günün?

 

Üzündə yaranan təbəssümün saxta, yoxsa təbii olduğunu aydınlaşdırmağa çalışmadım da. Tələsik sillənin səsini çıxarmalı idim.

 

– Sənin toyun günü.

 

Təbəssümünü bir göz qırpımında gizlədərək:

 

– Anlamadım.

 

– Sənin toyun günün mənim doğum günüm idi.

 

Səhərdən oxuduğu meydanın qalibi indi mən idim. Kartlar bircə addımda dəyişdi. Qarşıdakının eşitmək istəmədiyi bir gerçəyi sənin söyləməyin qədər qürurverici nə ola bilər ki?! Dərk etməyə çalışırdı susaraq. Ancaq susarkən də danışdığı qədər fikir bildirirdi.

 

– Haqlısan… Xatırladım… Ömrümdə bir dəfə hədiyyə almadığım sevgilimə toy günümü hədiyyə etmiş oldum: qəbirdə belə, düzəldə bilməyəcəyim bir səhv.

 

Etirafı səhvindən böyük görünürdü.

 

– Anlayıram səhvimi. Hərçənd bu tarix sırf təsadüflə üst-üstə düşsə də, gərək idi ki, qarşısını alım. Bu, həm də sənin olanları unutmağın üçün əlavə bir neçə il demək idi… Hə, necə unutdun bəs? Danış görüm.

 

Yenidən üzünə təbəssüm gətirərək gərginliyi azaltmağa nail oldu.

 

– 13 il çalışdım. Sonra anladım ki, cəhdlərimin hədər getməsinin səbəbi var. Əsas məsələ sıradan birini tapıb ona bağlanmaq imiş. Ən asan və bəlkə də deyərdim yeganə yol budur. Və beynimdə onu sənin yanına qaldırdıqca yaranan bərabərlik əvvəlcə hərəkətlərimdə, sonra  hisslərimdə tarazlıq yaratmağa başladı. Bax belə. Ancaq heç vaxt zəifliyimin yemi olmaqdan qaça bilmədim. Bəhrəsini gördüyüm nəticə bir müddət sonra işgəncəyə çevrilib damarlarıma soruldu.

 

Düşəcəyi dayanacağın yaxınlaşdığını bildirdi. Kəndir yavaş-yavaş vaxtın boğazına düyünlənirdi. Bir az da danışa bilərdik.

 

– Hələ də subaysan.

 

– Hə… Subayam. Birinci zərbədən sarsılırsan həmişə. Ancaq aldığın ikinci zərbə öldürücü olur.

 

– Evlənəcəksən…Hər kəsin taleyinə yazılan məcburiyyət… O vaxt sən uşaq kimi idin. Hisslərin əldə edə biləcəklərini üstələyirdi. Təbii ki, onların saflığına şübhəm yox idi. Yaşın artdıqca da şübhəm olmurdu heç. Çünki içində böyüyən hisslər elə həmin körpə hisslər idi. İnciyən kimi də rəfiqəmə gileylənərdin. Məndə isə vəziyyət tamam fərqli idi. Taleyin etdiyi ən böyük haqsızlıq qərarsızlığımış. Əkiz doğulmağın çətin tərəfləri var. Bunu ancaq onların özləri anlayarlar. Verməli olduğun qərarların yarısı sənin əlində olmur.

 

Danışdıqlarından dolayı közü öz tərəfimə çəkməyə çalışsam da, səsində peşmanlıq seçə bilmirdim. Alnına yazılanlar qədər etitafı da qəribə gəlirdi.

 

– Ailə qurandan sonra isə çox şey dəyişdi. İndi qərarlarımın üçüncü şəriki olmuşdu. Sonra oğlum dünyaya gəldi. Ən böyük qazancım. Bütün itirdiklərimin əvəzi. İndi iki yaşı var. Atasına oxşayır. İçindən gələn xoş bir gülümsəmə ilə:

 

– Sənin də oğlun olacaq. Bəlkə də, qızın da. Övlad sevgisi hisslərin ən alisidir. Kirlənmir heç vaxt, ləkə götürmür. Ailəyə bağlı nə varsa, onları qorumağa çalış həmişə… Sağollaşmalıyıq daha. O çoxmərtəbəli binada yaşayırıq. Evlənəndən bir az sonra köçmüşük.

 

Sağollaşmaq görüşməkdən çətin idi. Düşəndən sonra fikirləşdiyim kimi dönüb arxaya baxmadı. Yağışa qalib gəlmək üçün addımlarını sərtləşdirdi. Evlərinə çatana qədər izləmək istəyirdim.  Ancaq əvvəlcə avtobusun arxasından yapışıb dayandırmaq lazım idi.

 

Evə axşam gəldim. Təxminən yarım saat uzanıb bütün danışdıqlarımıza təkrar-təkrar baxdım. Hərdən öz dediklərimə redaktə də verməli olurdum. Ancaq gecikmiş redaktə ilə gecikmiş məhəbbət arasında heç bir fərq olmadığını yaxşı anlayırdım. Qəfildən adını çəkdiyi rəfiqəsi yadıma düşdü. “Zəng vurum. Bittə-bittə hamısını danışacam”. Uzun müddət idi əlaqəmiz yox idi. Xoşbəxtlikdən telefon nömrəsini dəyişməmişdi. Elə ilk zəngdə cavab verdi. İş-güc etapı bitəndən sonra həmin gün başıma gələnin hamısını danışdım.

 

– İnanırsan, hər şeyi danışdı. İndiyə qədər bilmədiklərimi belə. Özü də etiraf edəndə daha gözəl görsənirdi. Oğlu da var iki yaşında.

 

– Bilirəm… Bəs, oğlunun adını deyəndə? Onda necə?

 

– Anlamadım. Heç soruşmadım adını..

 

– İfritə! Həmişə səndən nələrsə gizlətdi. Cəhənnəmdə yanası sənin adını qoyub uşağa.

 

Dəstəyi asandan sonra xeyli fikirləşdim. Demək, “bütün itirdiklərinin əvəzi” deyərkən buna eyham vururmuş. “Təkrar zəng edim gərək. Yığım, deyim ki, mən başa düşməmişəm, əslində, o deyibmiş”…

Müəllif: Xəzər Əlizadə