Home Gündəm Natali Qule: Mehriban Əliyeva ölkədə və onun hüdudlarından kənarda incəsənət, multikulturalizm və...

Natali Qule: Mehriban Əliyeva ölkədə və onun hüdudlarından kənarda incəsənət, multikulturalizm və dinlərarası dialoqun inkişafına böyük töhfə verir

236
0
SHARE

Bakı. Trend:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkədə və onun hüdudlarından kənarda incəsənət, multikulturalizm və dinlərarası dialoqun inkişafına böyük töhfə verir.

Bunu Trend-ə fransalı senator, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule deyib.

N.Qule Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bir çox ölkədə, o cümlədən Fransa və Vatikanda dini irsin qorunmasında rolunu xüsusi vurğulayıb. Senator bu sırada Fondun reallaşdırdığı, İslam və Xristian aləmi arasında dialoqun parlaq təcəssümü olan layihələri nümunə gətirib.

Heydər Əliyev Fondu Fransada, Versal sarayının parkında nümayiş etdirilən, Ümumdünya irsi siyahısına salınan iki abidənin bərpasını həyata keçirib, eləcə də Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların yaradılmasında mühüm rol oynayıb. Heydər Əliyev Fondu həm də Orn departamentinin Santiyi, Frene-o-Sovaj, San-İler-la-Jirar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış məntəqələrində 10-11-ci əsrlərə aid yeddi kilsənin restavrasiyasına dəstək göstərib.

Daha bir vacib layihə 14-cü əsrə aid Strasburq Kafedral kilsəsində beş vitrajın bərpasıdır. Bundan başqa, Fond Vatikanda Müqəddəs Sebastyan katakombunda bərpa işləri aparıb. Fond, həmçinin Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin restavrasiyasını həyata keçirib.

Bundan başqa, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-tac arasında imzalanmış müqaviləyə əsasən, Müqəddəs Marçellino və Pyetro katakombaları bərpa edilib. Heydər Əliyev Fondu Romada Kapitoli muzeyində “Filosoflar zalının” restavrasiyasını həyata keçirib. Fondun dəstəyi ilə Bolqarıstanın Veliko-Tırnovo şəhərində “Trapezitsa” memarlıq-muzey qoruğu da bərpa edilib:

“Heydər Əliyev Fondu ümumdünya irsinin qorunması və mədəni diplomatiyanın möhkəmləndirilməsi üzrə nəhəng iş görüb. Ümid edirəm ki, bu iş davam etdiriləcək. Dünya ictimaiyyətini Azərbaycan həqiqətləri barədə məlumatlandırmağım və Fondun Fransada reallaşdırdığı layihələrdə fəal iştirakıma görə Heydər Əliyev Fondunun “Qızıl çinar” mükafatı ilə təltif olunduğum üçün çox məmnunam. Mehriban Əliyevanın Azərbaycan həqiqətlərinin Fransaya və bütün Avropaya çatdırılmasında rolu çox böyükdür. Heydər Əliyev Fondunun Fransada fəaliyyətinin təşviqi üçün erməni lobbisinin müqavimətini qırmaq asan deyil. Amma biz var gücümüzlə çalışırıq”.