Home Gündəm Sədaqət Vəliyeva: Müasir Azərbaycanın quruculuğunda Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva...

Sədaqət Vəliyeva: Müasir Azərbaycanın quruculuğunda Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva tandemi mühüm əhəmiyyət kəsb edir

210
0
SHARE

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini müasir müstəqil Azərbaycanın inkişafında, sosial məsələlərin həllində yaxından iştirak etmək, mərhəmət, əxlaqi ideyalara sadiqlik, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək təşkil edir. Prezident İlham Əliyevlə çiyin-çiyinə çalışan, onun ömür-gün yoldaşı və ən yaxın silahdaşı olan Mehriban xanım Əliyeva ölkəmizin dinamik inkişafı istiqamətində görülən işlərə ciddi töhfələr verir.  Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. Müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi fəaliyyət istiqamətlərinə baxsaq, “Yumşaq güc” amilinin təcrübədə effektivliyinə bir daha əmin ola bilərik. Humanitar sahədə uğurlu fəaliyyət göstərən Mehriban xanım Əliyeva 2017-ci ildən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən siyasi rəhbərlik funksiyasını da icra etməyə başlayıb: “Birinci Vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb oldu. Mehriban xanım Əliyeva ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır”.

“Dövlət idarəetməsində çevikliyin təmin olunması istiqamətində fəaliyyətin təşkili, ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatı, sağlamlığının qorunması, şəhid ailələri, qazilər, məcburi köçkünlər, ahıllar, kimsəsizlər, irsi qan xəstəliyindən və digər irsi xəstəliklərdən əziyyət çəkən şəxslərin daxil olduğu sosial baxımdan daha həssas əhali qruplarının problemlərinin həlli, Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin, ənənələrin öyrənilməsi, bərpası, onların yerli və dünya mədəni irsi kimi qorunması, dünyada tanıdılması işləri, idman hərəkatının davamlılığının təmin olunması, ekoloji problemlərin həllinə dəstək göstərilməsi, böhran zamanı effektiv idarəetmə, pandemiya zamanı əhalinin ehtiyaclarının qarşılanması və tibbi, sosial dəstək layihələrinin reallaşdırılması və işğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanın həyata keçirilməsi Mehriban xanım Əliyevanın daxili siyasət sahəsində əsas fəaliyyət istiqamətləridir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki,Mehriban xanım Əliyeva Birinci Vitse-prezident kimi ilk müşavirəsini də qaçqın və məcburi köçkün ailələrinə həsr edib: “Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə minlərlə qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırıldı. Hətta, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə Aprel döyüşləri zamanı sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edildi”.

Sədaqət Vəliyeva vurğulayıb ki, Mehriban xanım Əliyeva bir çox irimiqyaslı işlərə imza atıb və həyata keçirilən bütün layihələr böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir: “Eləcə də, Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, birinci Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunları Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığına malik olduğunu üzə çıxardı. Məhz, onun Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESKO-nun “Qızıl Motsart” medalı və başqa orden, medallarla təltif olunması Mehriban xanım Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyətinin həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilməsinin əyani sübutudur. Əlbəttə ki, bütün bu təltiflərlə yanaşı Mehriban xanım Əliyeva ən böyük mükafat hesab etdiyi xalqın ona olan sevgisini, inamını və etimadını qazanıb”.