“Azərbaycan 30 il dünyadan ədalət gözlədi, ən yüksək tribunalardan ikili siyasətin yaratdığı problemləri, Ermənistanın başına çəkilən sığalların yeni ərazilər uğrunda müharibə planlarına yol açdığını bəyan etdi, imitasiya naminə danışıqların nəticə verməyəcəyini bəyan etdi, amma dünya yenə də özünü kar və kor kimi göstərib lal olmağında davam etdi. 1992-ci ildə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçını adı ilə çağırmağın münaqişənin həllinə mane olacağını bildirib ikili siyasətlərini, erməni sevgilərini bu ad altında gizlətməyə çalışdılar. Rəsmi Bakı illərdir “Nə üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzi hallarda qısa müddət ərzində icra olunur, Azərbaycana gəldikdə isə 30 ilə yaxındır ki, gözləyirik” sualına cavab tapmaq istədik. Qətnamələrin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsi Azərbaycan dövlətini narahat edən məsələlər sırasında olub. Hansı ki, işğalçını adı ilə çağırmağın ATƏT-in Minsk qrupunun mandatına uyğun olmadığını, bunun bitərəflilik kimi qəbul ediləcəyini bildirən ABŞ, Rusiya və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi həmin qətnamələrin qəbulunda iştirak etməklə yanaşı, 30 ilə yaxın müddətdə Ermənistana müxtəlif adlar altında maddi və mənəvi dəstək göstəriblər. Sənədlərdə işğalçı qüvvələrin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması yer alır, amma real addımlarda Ermənistana dəstək göstərilir və məsələnin sülh danışıqları əsasında həll ediləcəyi barədə görüntü yaradılırdı.”
Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən 30 illik işğal dövrünün reallıqlarına diqqəti yönəldərək bir daha bildirdi ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin də üzərinə düşür. Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Ədaləti, beynəlxalq hüququ bərpa etdi. Əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, müharibə baş verməzdi.
Baş redaktor diqqəti Azərbaycanın torpaqlarımızın işğalı dövründə münaqişənin həllində bütün beynəlxalq təşkilatların potensialından istifadə etməyə göstərdiyi səylərə yönəldərək bildirib ki, BMT-yə Faktaraşdırıcı missiyanın yaradılıb işğal altında olan torpaqlarımızda süni məskunlaşma faktını araşdırmaq üçün bu ərazilərə səfər edilməsi təklif ediləndə bunu ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına müdaxilə kimi beynəlxalq ictimaiyyətə təqdim edən işğalçı Ermənistanın əssasız fikirləri əsasında ATƏT-in Minsk qrupu belə bir missiyanı özü yaradacağını bildirdi: “Həmin missiya yaradıldı və iki dəfə işğal altında olan ərazilərimizdə oldular. Açıq-aşkar bildirildi ki, torpaqlarımızda Ermənistan tərəfindən süni məskunlaşdırma siyasəti həyata keçirilib. Amma hesabatların hazırlanması zamanı “məskunlaşmanı hansı tərəfin həyata keçirdiyini deyə bilmərik. Bu, mandatlarına uyğun deyil” söyləyib, yenə Ermənistanın çaldığı hava ilə oynadılar.”
V.Rəhimzadə işğal dövründə Azərbaycanın həmin ərazilərdə tarixi abidələrimizə dəymiş ziyanla tanış olmaq üçün UNESCO-nu da bölgəyə dəvət etdiyini bildirib: “Amma UNESCO bundan imtina etdi. Prezident İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edərkən bu məqamlara da diqqəti yönəldərək bildirmişdir ki, UNESCO-ya bu təklif ediləndə qurum rəsmiləri siyasi məsələlərə qarışmadıqlarını bildirdilər.
Maraqlıdır, beynəlxalq təşkilatlar ədaləti, beynəlxalq hüququn norma və prinsiplərini qorumaq, müdafiə etmək üçün tərəddüd edir, ən əsası Ermənistandan təklif gözləyirlər. Maraqların ədaləti üstələdiyi dünya 30 il sülh danışıqlarının səmərə verəcəyini deyib Ermənistana vaxt qazandırdı. Həqiqəti bilərəkdən görməzdən, yaxud eşitməzdən gəlmək karlıq və korluq yox, ədalətsizlikdir. Bu ədalətsizliyin sonda 44 günlük Vətən müharibəsini şərtləndirdiyini BMT də, UNESCO da yaxşı bilir. ”
“Sual olunur- Müharibə bitdikdən sonra dəyişən nə oldu ki, UNESCO məsələnin siyasiliyini unudub bölgəyə gəlmək istədiyini bildirdi? Atılan hər addımda Ermənistana dəstək özünü qabarıq şəkildə nümayiş etdirir. Artıq tarixə qovuşmuş Dağlıq Qarabağ məsələsini gündəmdə saxlamağa ehtiyac yoxdur. UNESCO kimi təşkilatlar həmin istəkləri ilə Ermənistanın münaqişənin hələ bitməməsi ilə bağlı sərsəm fikirlərinə dəstək olmağa, bölgənin “qapılarını” xarici müdaxiləyə açıq saxlamağa çalışırlar. Belə olmasaydı, Azərbaycan tərəfi bölgəyə gəlmək üçün razılıq verdiyi, özü də bununla bağlı missiya yaratdığı halda Ermənistandan təklif gözləməzdi. Bütün bunlar ümumilikdə bəşəriyyətə məxsus mədəni irsin qorunmasına görə məsuliyyət daşıyan bir təşkilatın siyasi maraqlarından irəli gələn ikili standartlar qarşısında əyildiyini nümayiş etdirir. Belə utancverici davranışlar heç bir dövlətə, beynəlxalq təşkilata dividend qazandırmır, əksinə, etimadsızlıq mühitini daha da dərinləşdirir”,- deyə baş redaktor bildirib.
V.Rəhimzadə vurğulayıb ki, ədaləti, beynəlxalq hüququ təkbaşına bərpa etmək gücündə olan və Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək tarixə qovuşduran Azərbaycan hər bir məsələni həll etmək imkanlarına malikdir. UNESCO kimi Ermənistana baş əyib onun təklifini gözləyən, etirazından qorxub küncə çəkilən qurumların hansı mövqedə olduqlarını Azərbaycan 30 ilə yaxın müddətdə şahididir və 44 günlük müharibə bir daha bu həqiqətlərə işıq saldı. Gecikmiş addımlarında da işğalçı Ermənistandan razılıq gözləyənlərə inam tamamilə sıfırdır. Beynəlxalq təşkilatlar ədaləti müdafiə etmək üçün Ermənistandan, işğalçı dövlət də Azərbaycanın ortaya qoyduğu təkmil sülh razılaşmasını imzalamaq üçün ATƏT-in Minsk qrupunun həmsədrlərindən təklif gözləməklərində olsunlar. Amma unutmasınlar ki, bu gün artıq qalib ölkə kimi diktə edən tərəf Azərbaycandır. Ölkə Prezidentinin bəyan etdiyi kimi, Azərbaycan sülh təklifini uzun müddət masa üzərində saxlamayacaq.”
Baş redaktor bildirib ki, Prezident İlham Əliyevin qeyd edilən qəbulda vurğuladığı kimi, artıq gələcəyə baxmalıyıq və hazırda əsas hədəfimiz dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində BMT ilə əməkdaşlığa ümid edir.