Home Dünya xəbərləri Kaxa Kuçava: Gürcüstan ilə Azərbaycan arasındakı əməkdaşlıq regional çərçivədən çıxaraq beynəlxalq müstəviyə...

Kaxa Kuçava: Gürcüstan ilə Azərbaycan arasındakı əməkdaşlıq regional çərçivədən çıxaraq beynəlxalq müstəviyə yüksəlib VİDEO

27
0
SHARE

Avstriyaya işgüzar səfəri çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 8-də Gürcüstan parlamentinin sədri Kaxa Kuçava ilə görüşüb.AZƏRTAC xəbər verir ki, həmkarını səmimi salamlayan S.Qafarova qonşu və dost ölkələr olan Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin çoxəsirlik tarixə malik olduğunu bildirib.

O deyib ki, xalqlarımız əsrlər boyu bir-birinə dəstək olub. Müstəqillik dövründə isə əlaqələrimiz daha da inkişaf edib və bu gün bir çox sahələri əhatə edir.Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan ilə Gürcüstan arasında imzalanmış sənədlər müxtəlif sahələrdə əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradır. Bu ölkə Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin fəal iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri ölkələrimizin inkişafında və beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynayır.İki ölkənin qanunverici orqanları arasında əməkdaşlıqdan danışan Sahibə Qafarova bildirib: “Ölkələrimiz parlamentlər səviyyəsində də əməkdaşlıq edir. Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafında parlamentlərimiz müsbət rol oynamaqdadır. Bu xoş münasibətlər parlamentlər arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda olan əməkdaşlıqda özünü göstərir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq parlament qurumlarında uğurlu əməkdaşlıq edirlər. Beynəlxalq təşkilatlar çərçivəsində də nümayəndə heyətlərimiz arasında qarşılıqlı təmas və müxtəlif məsələlərlə bağlı sıx əməkdaşlıq mövcuddur”.Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər haqqında məlumat verən Milli Məclisin sədri qeyd edib ki, ölkəmiz Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Bununla həm də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini həyata keçirib. Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu bildirən S.Qafarova deyib ki, hazırda Azərbaycan azad edilmiş əraziləri bərpa edir, yenidən qurur.Görüşdə Gürcüstan parlamentinin sədri Kaxa Kuçava ölkəsinin Azərbaycanı dostu ölkə hesab etdiyini vurğulayaraq ölkəmizlə əlaqələri daha da dərinləşdirmək niyyətində olduqlarını bildirib. K.Kuçava iki ölkə arasında əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq müstəviyə yüksəldiyini, xüsusən iqtisadiyyat, nəqliyyat, ticarət məsələlərində möhkəm və uğurlu işbirliyi həyata keçirildiyini qeyd edib. O deyib ki, Gürcüstan və Azərbaycan bir-birini beynəlxalq formatda hər zaman dəstəkləyir. Xalqlarımız arasında münasibətlərin böyük tarixi olduğunu söyləyən parlamentin sədri bu əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib.Azərbaycan və Gürcüstanın qanunverici orqanları arasında münasibətlərdən danışan K.Kuçava deyib ki, bu əlaqələrin daha da inkişafı xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Bu baxımdan deputatların qarşılıqlı səfərləri və mütəmadi görüşləri çox əhəmiyyətlidir.Görüşdə, həmçinin tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana