Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elşad Mirbəşir oğlunun Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının Qərargahında rayonun ayrı-ayrı yaşayış məntəqələrində yaşayan qazilər, gənclər, ziyalılar və digər yaş qrupundan olan insanlarla görüşü keçirilmişdir. Elşad Mirbəşir oğlu möhtəşəm qələbəmizdən,xalqımızın iradəsinin bir dəmir yumruq ətrafında birləşməsindən ətraflı şəkildə bəhs etmişdir. Eyni zamanda, işğaldan azad olunmuş torpaqlarımızda sürətlə və keyfiyyətlə aparılan quruculuq işlərindən yığıncaq iştirakçılarına məlumat vermişdir. Qısa müddət ərzində Füzulidə tikilmiş hava limanı, Zəfər Yolunun tikintisindən və yaxın vaxtlarda həmin yolun istifadəyə verilməsindən də söhbət açmışdır. Şəhid ailələrinə və qazilərimizə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında göstərilən diqqət və qayğıdan, yaralı hərbçilərimizin xarici ölkələrdə müalicə olunaraq öz sağlamlıqlarına qovuşaraq evlərinə qayıtmaqları haqqında da məlumat vermişdir. Deputat Elşad Mirbəşir oğlu görüşdə iştirak edən qazilərin və gənclərin suallarını da cavablandırmışdır.