Home Gündəm ATƏT-in Minsk qrupunun həmsədrləri davranışlarının acı fəsadlarını və məntiqi nəticəsini gördülər –...

ATƏT-in Minsk qrupunun həmsədrləri davranışlarının acı fəsadlarını və məntiqi nəticəsini gördülər – Vüqar Rəhimzadə

280
0
SHARE

«Artıq bir ildir ki, postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. 30 ilin torpaq həsrətinə 44 gündə son qoyulmasını, ərazi bütövlüyümüzün bərpasını qürur hissi ilə qeyd edir, işğal dövrünün gerçəkliklərini unutmayaraq qarşıdakı dövr üçün müəyyənləşdirilən Milli Prioritetlərin reallaşdırılması istiqamətində addımlar atırıq. Eyni zamanda, dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda Azərbaycan möhkəmlənən mövqeyi ilə regionda və dünyada yeni ab-hava formalaşdırır. Möhtərəm Prezidentimiz İlham Əliyevin istər Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə xalqa müraciətlərində, xarici və yerli mətbuata müsahibələrində, həmçinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərində səsləndirdiyi bəyanatlar, çağırışlar sırasında dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlər əsas yer tutur.

Dövlət başçısı sentyabrın 27-də Türkiyənin nüfuzlu Anadolu Agentliyinə müsahibəsində bir daha ATƏT-in Minsk qrupunun vasitəçi kimi nə etməli olduğuna aydınlıq gətirərək bildirmişdir ki, əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Halbuki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvləri, dünya miqyasında ən güclü ölkələri kimi, siyasi çəkilərindən və imkanlarından istifadə edərək Ermənistana qarşı sərt addımlar ata bilərdilər. Amma görünən bu oldu ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ötən 27 ildə özlərinin vasitəçilik missiyalarında nə hərb, nə də sülh siyasətinə üstünlük verirdilər. Belə olan təqdirdə münaqişənin həllində onların vasitəçiliyinə nə ehtiyac var idi?»

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan Ermənistanın yeni ərazilərlə bağlı müharibə planı hazırladığını dəfələrlə bəyan etsə də dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları yenə də ənənələrinə uyğun olaraq gördüklərini görməzdən, eşitdiklərini isə eşitməzdən gələrək təcavüzkarın bu antibəşəri planlarını həyata keçirməsinə dəstək oldular. Son nəticədə 44 günlük İkinci Qarabağ müharibəsində azğınlaşmış Ermənistanı vaxtında dayandırmayan böyük dövlətlər, ATƏT-in Minsk qrupunun həmsədrləri davranışlarının acı fəsadlarını və məntiqi nəticəsini görməli oldular.»

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, münaqişənin həllindən sonra Minsk qrupundan əsas gözlənti regionda sülhün bərqərar olmasına, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dəstək göstərməsidir: «Lakin bu, müşahidə edilmir. Ölkə Prezidenti İlham Əliyev müsahibəsində bu məqamı xüsusi qeyd edir ki, hazırkı dövrdə Minsk qrupunun fəaliyyətini görmürük. Qurumun fəaliyyəti ilə bağlı yeni məsələlər ortaya qoyulmalıdır. Təbii ki, öncə etimad mühitinin yaradılması əsasdır. Minsk qrupundan bu günə qədər postmünaqişə dövrü ilə bağlı təkliflər olmadığı halda onun fəaliyyətindən danışmaq yersizdir.»

V.Rəhimzadə onu da qeyd edib ki, bugünün əsas məsələsi Azərbaycan dövlətinin işğalçı Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanmasıdır: «Qarşı tərəf hələ də tərəddüd edir, ATƏT-in Minsk qrupundan təklif gözləyir. Bu gözləntilər 30 illik işğal dövrünün reallıqlarının davamıdır. Bu baxımdan ki, ədaləti, beynəlxalq hüququ arxa plana keçirib məsələyə özlərinin korporativ maraqlarından yanaşan dünya gücləri artıq bir məqamı unutmasınlar ki, «Dağlıq Qarabağ» deyilən ərazi vahidi yoxdur, münaqişə həllini tapıb, bütün şərtləri diktə edən Azərbaycandır. Ermənistan və ona havadarlıq edən dövlətlər 10 noyabr 2020-ci il Bəyanatında yer alan bütün müddəaları yerinə yetirməlidirlər.»

YAP Xətai rayon təşkilatıın sədri dövlət başçısı İlham Əliyevin sözügedən müsahibəsində xüsusi diqqət çəkən məqamlardan biri kimi Azərbaycan-Türkiyə dostluğundan, qardaşlığından bəhs edərək bildirib ki, bu dostluğun zirvəsində dayanan tarixi Şuşa Bəyannaməsi bütün məqamları özündə ehtiva edir. Dövlət başçısı İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, əgər bütün qonşular Türkiyə ilə Azərbaycan kimi münasibətlər qursaydılar, o zaman dünyada heç bir savaş, heç bir müharibə olmazdı.

Azərbaycanın hazırda bərpa və quruculuq mərhələsini yaşadığını xüsusi qeyd edən V.Rəhimzadə müsahibədə jurnalistin dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri və bu səfərlərlə əlaqədar birinci xanım Mehriban Əliyevanın paylaşımları ilə bağlı sualından da bəhs edərək bildirib ki, ölkə Prezidentinin Zəfərimizlə bağlı sevincini bu səfərlər zamanı xalqımızla paylaşması, görüntülərin təqdim olunması hər birimizdə böyük qürur hissi yaradır. Dövlət başçısının da vurğuladığı kimi, bu paylaşımlar Qarabağımızın tacı, Azərbaycanın döyünən ürəyi Şuşamıza səfər zamanı başlandı, böyük maraq doğurdu, ən əsası uğurlu format kimi özünü təsdiqlədi. Torpaqlarımız düşmən tapdağından azad edildiyi ilk gündən Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərə səfərlərinin hər biri tarixi hadisədir. Təkcə Şuşaya 5 dəfə səfər edilib. Hər səfər bugünümüz və gələcəyimiz üçün önəmli, ən əsası dünyaya ünvanlanan mesajlarla, digər zəngin hadisələrlə yada qalıb. Cənab Prezidentin işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri Böyük Qayıdışın daha bir addım yaxınlaşması deməkdir. Çünki hər səfər çərçivəsində yeni sosial obyektlərin təməli qoyulur, bərpadan sonra bəzilərinin açılışı olur. Xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə ünvanlanan çoxsaylı təşəkkür məktublarında torpaq həsrətinə, 30 ilin nisgilinə son qoyulmasından sevinc hisləri aydın şəkildə hiss olunur. Artıq bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, görkəmli mədəniyyət xadimlərinin nümayəndələri ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin sakinləri də də tez-tez bu torpaqlarımızda olur, sanki möcüzələr dünyasına düşdüklərini bildirirlər. 30 ilin işğalına 44 gündə son qoyulması böyük qəhrəmanlıq, misilsiz şücaətdir. Prezident İlham Əliyev bu Zəfərin müəllifi, qalib ölkənin qalib Sərkərdəsidir. Ölkə Prezidentinin vuğuladığı kimi, soydaşlarımız nə qədər əzab, əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan o anları duyğulanaraq diqqətə çatdırsa da bu gün o torpaqlarımızın sahibi kimi edilən səfərlərin, soydaşlarımızın tezliklə Böyük Qayıdışlarının sevincini bölüşməkdən qürur hissi keçirir.»