Home Gündəm Ermənistan birmənalı olaraq sülh müqaviləsini imzalamalıdır – Vüqar Rəhimzadə

Ermənistan birmənalı olaraq sülh müqaviləsini imzalamalıdır – Vüqar Rəhimzadə

265
0
SHARE

Postmünaqişə dövrünün əsas çağırışlarından biri Azərbaycan tərəfinin təklif etdiyi sülh müqaviləsinin işğalçı Ermənistan tərəfindən qəbul olunaraq bölgədə daimi sülhün, təhlükəsizliyin bərqərar olması, yeni əməkdaşlıq formatlarının reallığa çevrilməsi istiqamətində addımların atılmasıdır. Bu isə öz növbəsində dünyanın aparıcı dövlətlərindən, nüfuzlu beynəlxalq təşkilatlardan qətiyyətli addımlar atmağı, Ermənistana sülh təklifini qəbul etdirməyi bir tələb kimi qarşıya qoyur. Yenə də Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində ədalətin bərpası ilə tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə 1992-ci ildən yaradılan, amma hələ də vasitəsilik missiyalarının nədən ibarət olduğunu dərk etmək istəməyən ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətlərində ciddi dönüş yaratmağa bir çağırış var. Reallıq budur ki, əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz. Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun həmsədrləri nəinki işğal dövründə, eyni zamanda, Vətən müharibəsi və postmünaqişə vaxtlarında da Ermənistana dəstəklərini açıq-aşkar büruzə verirlər. Ölkə Prezidenti İlham Əliyev İkinci Qarabağ savaşının davam etdiyi 44 gündə, eyni zamanda, hazırda xarici mətbuata müsahibələrində yüksək intellekt, diplomatik məharət nümayiş etdirərək reallıqları əsaslı şəkildə diqqətə çatdırır. Dövlətimizin başçısı Müzəffər Ali Baş Komandan kimi həm hərb meydanında öz sözünü dedi, həm də siyasi lider kimi informasiya cəbhəsində ölkəmizin mövqeyini qətiyyətlə müdafiə edərək haqq səsimizi bütün dünyaya çatdırdı və bu gün də bu siyasət uğurla davam etdirilməkdədir.

Trend xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin beynəlxalq KİV-lərə, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin mətbu orqanlarına müsahibələri həqiqətlərin bir daha həmin ölkələrin auditoriyasına çatdırılmasına imkanlar yaradır, işğalçı dövlətə bu günədək verilən dəstəklərin əsl mahiyyətinə işıq salır: «Müharibə dövründə də Fransa ikili mövqeyini qabarıq şəkildə büruzə verdi. Belə ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri əks etdirdiyinə görə Fransanın TF1 telekanalının bu ölkədə yaşayan ermənilərin ciddi təzyiq və təhdidinə məruz qalması nə dərəcədə demokratiyanın tələblərinə, beynəlxalq hüquq normalarına uyğun ola bilərdi? İkinci Qarabağ müharibəsinin davam etdiyi dövrdə BMT Təhlükəsizlik Şurasında keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş tutan müzakirələrdə Qoşulmama Hərəkatının, eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr – İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası, Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirdilər. Ən təəccüblüsü o idi ki, bu qətnamələrin həmin sənədə daxil edilməsini istəməyənlər adlarını vasitəçi qoyan ABŞ, Rusiya və Fransa idi. Lakin ciddi isrardan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri bunu qəbul etməyə məcbur oldular”.

YAP Xətai rayon təşkilatının sədri diqqəti Prezident İlham Əliyevin sentyabrın 28-də Fransanın “France-24” televiziya kanalına müsahibəsində səsləndirdiyi bəyanatlara, ATƏT-in Minsk qrupunun həmsədrlərindən hazırkı gözləntilərimizlə bağlı fikirlərinə, dövlət başçısının jurnalistin «Siz Fransanı dürüst vasitəçi hesab edirsiniz” sualına cavabına yönəldib: «Dövlət başçısının fikirlərində bütün hallarda dünya güclərindən ədalətə, beynəlxalq hüquqa əsaslanmaları xüsusi yer alır. “Fransa Minsk qrupunun həmsədri olmasaydı, əlbəttə, onun istənilən ölkə ilə münasibət qurması öz işi olardı» söyləyən dövlət başçısı Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından, onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərsiz olmadığımızı xüsusi qeyd edib. Bu məqam bir daha diqqətə çatdırılıb ki, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Çünki yenə Ermənistana dəstək özünü qabarıq şəkildə büruzə verdi. Fransa bitərəf deyil, birtərəfli mövqeyi ilə açıq-aşkar erməni sevgisini nümayiş etdirdi. Azərbaycan bununla bağlı öz narahatlığını ifadə etmişdir”.

Vüqar Rəhimzadə Azərbaycanın balanslaşdırılmış xarici siyasət yürütdüyünü önə çəkərək bildirib ki, dövlət başçısının müsahibəsində vurğuladığı kimi, çox realist yanaşmanın tətbiq edilməsi vaxtı yetişib. Ən əsası Azərbaycan artıq səhifəni çevirir: «Artıq keçmişlə yaşamaq deyil, gələcəyə baxmaq bugünümüzün əsas çağırışıdır. Hazırda gündəmdə olan sülh təklifinin reallığa çevrilməsində Fransa ilə yanaşı, digər həmsədrlərin də səy göstərmələri tələb edilir. Düşünürük ki, dövlət başçısı İlham Əliyevin Fransanın öz telekanalı vasitəsilə fransız auditoriyasına çatdırdığı mesajlar növbəti mərhələlərdə müsbət nəticəsini verəcək. Burada əsas məsələ Minsk qrupunun həmsədrlərinin fəaliyyətlərində dönüş yaratmaları, 30 illik işğal dövründə ədaləti arxa plana keçirib maraqları öndə saxlamalarına son qoymalarıdır”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyev diplomatik şəkildə, təmkinlə jurnalistin tarixi bilmədən, Ermənistana olan sevgisindən irəli gələn suallarını cavablandıraraq bir daha fransız auditoriyasına həqiqətləri çatdırdı: “Bəyanatlarda ərazi iddiası deyil, tarixi həqiqətlər öz əksini tapır. Dövlət başçısının müsahibədə ifadə etdiyi hər bir cümlə özündə bir tarixi, həqiqəti əks etdirir. 44 günlük İkinci Qarabağ savaşında tarixi Qələbəmiz sübut etdi ki, Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Dünya gücləri münaqişənin həll olunmadığını, status məsələsini tez-tez gündəmə gətirsələr də bunun vəziyyəti gərginləşdirmək məqsədi güddüyü aydındır. Amma bütün cəhdlər, sərsəm bəyanatlar reallığı inkar etmək gücündə deyil. Reallıq isə ondan ibarətdir ki, münaqişə tarixə qovuşub. Ermənistan birmənalı olaraq sülh müqaviləsi barədə düşünməlidir. Əks təqdirdə onların bu əsassız iddialarına adekvat münasibət göstəriləcək”.