Bakı. Trend:
Ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə, əlillik və reabilitasiya sahələrində aparılan islahatlarda BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlığa xüsusi önəm verilir. Son illərdə mühüm istiqamətlərdə yeni müştərək layihələr əsasında fəal və səmərəli əməkdaşlıq təcrübəsi formalaşıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşündə vurğulayıb.
V.Andreyevanı yeni təyinatı münasibətilə təbrik edən nazir ona fəaliyyətində uğurlar arzulayıb. S.Babayev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfəri, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış ərazilərimizin işğaldan azad edildiyini diqqətə çatdırıb. Həmin ərazilərin bərpası və yenidən qurulması istiqamətində geniş miqyaslı işlərin aparıldığını vurğulayıb.
S.Babayev müharibədən sonrakı dövrdə şəhid ailələri və qazilərin, erməni terrorundan zərər çəkənlərin sosial dəstəklə təminatı işlərini diqqətə çatdırıb. Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, dövlət sosial xidmətləri sahəsində uğurlu innovativ yenilik olan DOST konsepsiyası barədə məlumat verib.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının Azərbaycan üçün xüsusi əhəmiyyətini vurğulayan nazir bu Məqsədlərin həyata keçirilməsi sahəsində ölkəmizin müsbət təcrübəsini qeyd edib. O, BMT-nin İnkişaf Proqramı ilə birgə icra olunan “Azərbaycanda innovasiya və məşğulluğun inkişafı”, “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihələrini diqqətə çatdırıb. BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu ilə müştərək həyata keçirilən, əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması üzrə layihənin əhəmiyyətini vurğulayıb. BMT-nin Əhali Fondu ilə “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin, əhali proqnozlarının hazırlanması işlərinin faydalı olduğunu deyib.
Uşaqlara qayğı və övladlığagötürmə sisteminin inkişafı sahəsində UNİCEF-lə mühüm istiqamətləri əhatə edən əməkdaşlıq gündəliyindən bəhs edən S.Babayev ümumilikdə BMT qurumları ilə əlaqələrin ildən-ilə genişləndiyini bildirib.
V.Andreyeva ölkəmizdə sosial sahədə aparılan islahatlarda, sosial cəhətdən həssas qruplara dəstək işlərində BMT qurumları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığın daim inkişaf etməkdə olmasının məmnunluq doğurduğunu vurğulayıb.
Görüş gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi ilə davam edib.