Home Cəmiyyət Kamilə Əliyeva:İlham Əliyev Azərbaycanın əbədi müstəqilliyinin qarantıdır…

Kamilə Əliyeva:İlham Əliyev Azərbaycanın əbədi müstəqilliyinin qarantıdır…

533
0
SHARE

Prezident cənab İlham Əliyev oktyabrın 4 də Cəbrayılın işğaldan azad edilməsindən 1 il sonra, rayon ictimaiyyətinin nümayəndələri ilə çox səmimi görüş keçirdi və ətraflı çıxış etdi.
Çıxışı zamanı ölkə başçımız Cəbrayılın işğaldan azad edilməsindən cəmi 1 il keçməsinə baxmayaraq böyük işlər görüldüyünü vurğuladı. Doğrudan da bizim güclü, qüdrətli dövlətimiz, fədakar və qəhrəman xalqımız var. Tarixdə belə bir hadisə olmayıb ki, hansısa ölkə ağır müharibə aparıb torpaqlarını işğaldan tam azad etsin və eyni zamanda bu torpaqlarda belə sürətli və böyük quruculuq işləri aparsın. Bu gün işğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz yenidən qurulur. Halbuki bu şəhər və kəndlərimiz işğal dövründə erməni barbarları tərəfindən tamamilə dağıdılmış, daş üstə daş qoymamışlar. Bütün tikililərin daşlarını da talayıb aparmış, apara bilmədiklərini dağıtmışdılar. Bölgəyə səfər etmiş hər kəs, eləcə də xaricdən gələn jurnalistlər, diplomatlar, erməni vəhşiliyini öz gözləri ilə görüblər. İşğal zamanı beynəlxalq təşkilatlar, xüsusən ATƏT in Minsk qrupunun həmsədrləri bu vəhşiliyi görsələr də buna göz yumurdular.
Cəbrayılın işğaldan azad edilməsində ordumuzun əsgər və zabitləri böyük qəhrəmanlıq və şücaət göstərmişdilər. Ermənilərin bir neçə xətdən ibarət istehkam sədlərini ordumuz darmadağın etdi. Şəhidlər də verdik. Amma ordumuz bir addım da olsa geri çəkilmədi. Əsgərlərimiz öz canları, qanları bahasına Cəbrayılı azad etdikdən sonra Zəngilanı, daha sonra Qubadlını və Laçın rayonunun cənub hissəsini işğaldan azad etdi.
Prezident cənab İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə iqtisadi zonalar yaradılır.
“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması tək Cəbrayıl rayonunun deyil, bölgənin iqtisadi inkişafı üçün də çox önəmli layihədir. Artıq Rusiyanın və Türkiyənin iri şirkətləri bu əraziyə böyük investisiyalar yatırır. Cəbrayıl rayonunun elektrik enerjisi ilə təminatı da demək olar ki, yekunlaşıb. Şəhərə müasir standartlara uyğun 4-6 zolaqlı yol çəkilir. Cənab İlham Əliyev Cəbrayılın ilk yaşayış binasının təməlini qoydu. Bu yaşayış binası hazır olduqdan sonra ilk sakinlər bu mənzillərə köçürüləcək. O vaxta qədər isə xəstəxanalar, məktəblər, yeni iş yerləri yaradılacaq.
Oktyabrın 4 də Cəbrayılın işğaldan azad edilməsi Qələbəmizin təmin olunmasında çox əhəmiyyətli bir hadisə idi. Müharibənin ilk həftəsi Cəbrayıl birinci şəhər mərkəzi olaraq işğaldan azad edilmişdir. İşğaldan azad edilmiş torpaqlarımıza “Böyük Qayıdış” da Cəbrayıldan başlamışdır. 2016 cı ilin aprel döyüşlərindən sonra yerli sakinlər Cocuq Mərcanlı kəndinə geri dönmüşdülər.
Azərbaycan Vətən Müharibəsində Zəfər qazandı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev çıxışı zamanı Ermənistanda Azərbaycana qarşı təxribat törətmək istəyənlərə bir daha xəbərdarlıq etdi. Ölkə başçımız ümumiyyətlə Azərbaycana qarşı kiçik bir təhlükə törədə biləcək istənilən dövlət və qüvvələrə qarşı Azərbaycanın lazımi addımlar atacağını bildirdi.
Son zamanlar qonşu İran İslam Respublikası Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməyə başlamışdır. Özünü İslam dininin təəssübkeşi adlandıran İranın əsil siması üzə çıxdı. İran Azərbaycanın güclü və qüdrətli bir dövlətə çevrildiyini həzm edə bilmir. Torpaqlarımız işğal altında olan zaman İran özünü Azərbaycana dost və qardaş ölkə hesab edirdi. Əslində bu sözdə belə idi. Torpaqlarımızın 30 illik işğalı zamanı İran hər zaman Ermənistana hər cür yardım edirdi. İran bu gün Qarabağda İslam dəyərlərini məhv edən, İslam məscidlərini təhqir edən Ermənistanı özünə dost dövlət, qardaş millət hesab edir. Bu gün İranda mollalarla yanaşı, dövlət rəsmiləri tərəfindən də Azərbaycana təhdidlər başlanmışdır. Ölkə başçımızın da qeyd etdiyi kimi, heç kəs Azərbaycanın daxili işlərinə qarışa bilməz. Azərbaycan hər zaman olduğu kimi bu gün də müstəqil siyasət yürüdür. Heç kəs Azərbaycanın apardığı siyasətə müdaxilə edə bilməz və Azərbaycan da başqa döblətin daxili işlərinə qarışmır. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır.
Zaman-zaman bir sıra dövlətlər Azərbaycana torpaqlarımızın itirilməsi ilə barışmağı tövsiyə edirdilər. Onlar müharibəni uduzduğumuzu, əgər müharibə edəriksə, əlavə ərazilər itirəcəyimiz barədə fikirlər səsləndirirdilər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, güclü iradəsi, Azərbaycan xalqının qəhrəmanlığı bu işğala son qoydu. Həm hərbi, həm də siyasi yolla torpaqlarımızı azad etdik. Bu gün bölgədə sabitliyin qorunub saxlanılmasında Türkiyə və Rusiyanın çox böyük rolu var. Ermənistan da gec tez bu formata qoşulacaq. Ermənistanın gələcəkdə bir dövlət kimi formalaşması onun bu formata qoşulmasından keçir.
Azərbaycan və Ermənistan arasında danışıqların başlanması yönümündə də müəyyən addımlar atılmaqdadır, artıq danışıqların gündəliyi müzakirə olunur. Lakin elə qüvvələr var ki, bu barışığa mane olmağa çalışırlar. Onlar başa düşməlidirlər ki, Azərbaycan və Ermənistan arasında bu ədavət əbədi olmayacaq. Ermənistan da bu yeni reallığı qəbul edəcək.
Cənab İlham Əliyev görüşdə qürurverici bir mesaj da verdi, qeyd etdi ki, 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracayıq ki, bütün dünya bizə qibtə edəcək. Həqiqətən də bugünkü güclü Azərbaycan buna qadirdi. Azərbaycanın bugünkü güclü və qüdrətli dövlət olması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993 cü ildə xalqın təkidli ilə ulu öndər hakimiyyətə gəlməsəydi, ölkəmizin gələcəyi sual altında qalardı. Azərbaycan dövlətinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyuldu. Bu yol Azərbaycanı gözəl və firavan gələcəyə aparan yoldur. Prezident cənab İlham Əliyev bu siyasətin, bu yolun davamçısı və Azərbaycanın əbədi müstəqilliyinin qarantıdır.