Home Cəmiyyət Xətai rayonunda Vətən müharibəsi şəhidi mayor Rüfət Əsgərovun anım günü qeyd olunub...

Xətai rayonunda Vətən müharibəsi şəhidi mayor Rüfət Əsgərovun anım günü qeyd olunub FOTO Qırx

281
0
SHARE

Qırx dörd günlük savaşın əsrlər boyu unudulmayacaq qəhrəmanları

Oktyabrın 14-də İkinci Qarabağ müharibəsində igidlik nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan, Bakının Xətai  rayonundan olan Vətən müharibəsi şəhidi mayor Rüfət Əsgərovun şəhid olmasının  ildönümü  ilə bağlı anım mərasimi keçirilib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə,  Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri Bakının Xətai rayonunda şəhidin yaşadığı ərazidə yerləşən xatirə lövhəsini və II Fəxri xiyabanda məzarını ziyarət edib, qəhrəman zabitin ruhuna dualar oxuyub,  məzarı üzərinə əklil və tər güllər düzüblər.

Mərasim ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpa olunması, eləcə də tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə davam edib.  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından bütün şəhid valideynlərinə başsağlığı verilib.

Anım mərasimində çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək düşmənin başını əzdi və ərazi bütövlüyünü bərpa etdi: “Ali Baş Komandanın qətiyyəti və siyasi iradəsi,  qəhrəman zabit və əsgərlərimizin şücaəti sayəsində, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın tarixi Zəfərinin, gücünün, qüdrətinin şahidi oldu. Azərbaycan xalqı hər zaman mübariz oğullarımızın şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçərək şəhadətə ucalan bütün qəhrəman oğul və qardaşlarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdiyi qəhrəmanlıq isə tarixdə əbədi qalacaq.”

R.Quluyev xatırladıb ki,  44 günlük İkinci Qarabağa savaşında Qələbə qazanmağımızın əsas səbəblərindən biri də zabit və əsgərlərimizin birliyidir: “Düşməndən fərqli olaraq, bizim zabitlərimiz arxada dayanıb əsgəri irəli göndərmirdilər. Zabitlərimiz hər zaman  “Arxamca!” şüarı ilə hərəkət ediblər. Rüfət qardaşımız da belə igidlərimizdən biridir. O, bacarıqlı kəşfiyyatçı olub. Həqiqətən də  Mürvət kimi qəhrəman atanın belə mərd, cəsur oğlu olmalı idi.”

Mərasimdə YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə çıxış edərək Azərbaycan Ordusunun 44 gün  sürən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük Zəfərə imza atmasından söz açıb, haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycan Ordusu Vətən müharibəsində dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. Şəhidlərimizin canı və qanı bahasına Azərbaycanın əzəli və tarixi torpaqları öz sahiblərinə qovuşdu. ”

V.Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycanın qalibiyyət tarixini yazan igidlərimizin uyuduğu müqəddəs məkanda, ziyarətgahdayıq: “Həqiqətən də, şəhidlərimiz Azərbaycan tarixində əsrlər boyu yaşayacaq qəhrəmanlıq salnaməsi yazdılar. Şəhidlərimizin şücaəti, Vətənə bağlılığı hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənc nəslin nümayəndələri üçün örnəkdir. Onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Şəhidlərimiz cismən bizdən ayrılsalar da, onların Vətən sevgisini, torpağa bağlılığını hər bir azərbaycanlı daim dərin ehtiramla yad edir və edəcəkdir.  Çünki bu, gənc nəslin əsl vətənpərvər kimi yetişməsində mühüm rol oynayan çox vacib amillərdən  birincisidir. Mən ilk olaraq Rüfət qardaşımızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Belə cəsur övladlar böyütdükləri üçün onların valideynləri qarşısında baş əyirəm. Şəhidlərimizin valideynləri qürur hissi keçirməlidirlər ki, onlar vətənpərvərlik, Vətənini, dövlətini, xalqını  sevmək nümunəsini ortaya qoyan, qəhrəmanlığından əsrlər boyu danışılacaq, filmlər çəkiləcək, kitablar yazılacaq belə mərd və qorxmaz oğullar böyüdüblər.  Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimizə cansağlığı  arzu edirəm. Hesab edirəm ki, belə qəhrəman övladları olan Vətən heç zaman basılmaz. ”

Çıxış  edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük  Vətən müharibəsində şərəfli Zəfər yolu keçib. Bu gün  həmin şanlı Qələbənin qürurunu, sevincini yaşamaqla bərabər, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda canından keçmiş qardaşlarımızın və övladlarımızın xatirəsini əziz tuturuq və tutmalıyıq: “Buraya şəhid mayor Rüfət Əsgərovun əziz xatirəsini yad etmək üçün toplaşmışıq. Həqiqətən də, Rüfət Azərbaycan Ordusunun vətənpərvər zabiti olub. Şəhidimizin atası Mürvət Əsgərovun dəyanətinə heyranlıqla yanaşıram. Mürvət  qardaşımız şəhid atası  kimi həmin ada layiq duruşda dayanaraq,  o gücü özündə tapıb. Bu gün də qürurlu və qəhrəman ata kimi cəmiyyətimizdə hamıya örnəkdir. Rüfətin yadigarı olan iki körpə balasına Allahdan cansağlığı və xoşbəxtlik arzu edirəm. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Allah dövlətimizi, millətimizi, ordumuzu qorusun.”

Şəhid  mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən oğullarının əziz xatirəsini andıqları üçün, eyni zamanda, göstərilən  xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci  vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlığını bildirib: “Bu günə qədər Rüfət mənim oğlum idi. Bu gündən Rüfət Azərbaycan xalqının oğludur. Rüfətin döyüş yolu, göstərdiyi igidlik, 21 illik fəaliyyətindəki xidmətləri buna əsas verir. Onun adının, xatirəsinin əbədiləşdirilməsi üçün dövlətimiz çox mühüm işlər görüb. Rüfətin doğum günündə dövlət səviyyəsində Şəhidlər xiyabanında, Zabitlər evində anım mərasimi keçirilib. Bu diqqət və qayğıya görə dövlətimizə və möhtərəm Prezidentimizə minnətdaram. Oğlum Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Rüfət axırıncı dəfə bir gecədə 3 post alıb. Birinci postda 24, ikinci postda isə 11 ermənini məhv edib. Rüfət kəşfiyyat briqadasının rəisi idi. Ön cəbhəyə özü getməyə də bilərdi. Amma qəlbində vətənpərvərlik, xalqına inam, itirilmiş torpağın azad olunması qüruru kök saldığına görə həmişə ön cəbhədə döyüşüb. Vətən müharibəsi başlayanda o çox sevinirdi ki, nəhayət 30 illik həsrətə son qoyulacaq. O, müharibədə olması ilə bağlı bizə çox məlumat vermirdi. Kəşfiyyatçı  olduğuna görə həmişə iki cümlə deyirdi: “Salam,  biz yaxşıyıq. Sağ olun. Hər zaman bir valideyn kimi mənim başımı necə uca etmişdisə, indi də Vətənimizin başını uca etdi.”

Daha sonra şəhidin döyüş yoldaşları və dostları Rüfətlə bağlı xatirələrindən, onun igidliydən, döyüş şücaətindən danışıblar. Rüfət Əsgərovuntəcrübəli kəşfiyyatçi kimi göstərdiyi xidmətlərin döyüş yoldaşlarına və yeni yetişən gənclərə nümunə olmasından bəhs ediblər. Şəhid mayorun ən böyük arzusunun Qarabağın azadlığını, o torpaqlarda dalğalanan üçrəngli bayrağımızı görmək olduğunu, onun həmin azadlığa yol açan qəhrəman zabit kimi tarixin yaddaşında qalacağını vurğulayıblar.

Sonra anım tədbiri “Ağrı dağı” mərasim evində davam etdirilib. Şəhid mayor Rüfət Əsgərovun ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rüfət Əsgərov ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Yaqut Ağaşahqızı,

Vüsal Cahanov, “İki sahil”