Home Cəmiyyət Fransa məhkəməsi Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzalanmış daha bir qanunsuz sənədi...

Fransa məhkəməsi Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzalanmış daha bir qanunsuz sənədi ləğv etdi

235
0
SHARE

Fransanın İzer departamantinin əvvəl işğal altında olmuş Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzalanmış daha bir qanunsuz sənədi ləğv edilib.

Qrenobl şəhər məhkəməsi 2019-cu il sentyabrın 20-də separatçı rejimin həmin departamentə səfəri zamanı imzalanmış qondarma “İzer departamenti ilə Hadrut rayonu arasında dostluq xartiyası”nı ləğv edib. Azərbaycan tərəfinin bu aktın qanunsuzluğu barədə iddiaları iki dəfə, 2020-ci ilin fevralında və noyabrında qaldırılıb.

Bu il sentyabrın 27-də qəbul edilmiş və rəsmi şəkildə Azərbaycan tərəfinə verilmiş məhkəmə qərarında vurğulanır ki, sənəd İzer departamentinin bələdiyyə şurasının sədri tərəfindən imzalanıb və Fransa Konstitusiyasının 5, 14, 20, 52 və 55-ci maddələrini pozur. Bu maddələrə əsasən, ölkənin xarici siyasət məsələlərinin həlli ölkə prezidentinin müstəsna səlahiyyətidir. Qərarda o da qeyd olunur ki, qanunsuz xartiyanı imzalamaqla bələdiyyə şurasının prezidenti Yerli idarəetmə orqanları Məcəlləsinin L.1115-1 maddəsini pozub. Bu maddə Fransanın beynəlxalq öhdəliklərinin yerli idarəetmə orqanlarının fəaliyyətinin bütün aspektlərinə şamil olunur.

Qeyd edək ki, 1,2 milyon əhalisi olan İzer departamenti Overn-Ron-Alp regionunun 13 departamentindən biri və ən böyüyüdür. Bu regionun payına yerli idarəetmə orqanlarının qanunsuz işğalçı rejim rəhbərliyi ilə imzalanmış akt və sazişlərin böyük əksəriyyəti (28 sənəddən 15-i) düşür.

Bu, artıq Fransa məhkəmələri tərəfindən ləğv edilmiş 11-ci qanunsuz sənəddir. Daha 2 iddiaya məhkəmələrdə baxılır. Əvvəllər işğal olunmuş Qarabağın separatçı rejiminə dəstək olaraq qəbul edilmiş sənəd və qərarların ləğvi ilə bağlı işlər davam etdirilir.