Türkiyənin İstanbul şəhərində Türk Şurasının Media forumu başlayıb.
Tədbir Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə “Köklü keçmiş, güclü gələcək” şüarı altında keçirilir.
Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev qeyd edib ki, məqsəd insanlarımıza, xüsusən də gənclərimizə daha yaxından tanıdılması və eyni zamanda zəngin Türk mədəniyyətinin dünyaya tanıdılması istiqamətində işlərin aparılmasıdır.
“Fəxrəddin bəy tərəfindən də qeyd edildiyi kimi, Türk dünyasına və hər birimizin ölkələrimizə qarşı beynəlxalq miqyasda dezinformasiya, saxta xəbər kampaniyaları aparılır. Azərbaycan, müstəqilliyinin ilk günündən bugünə kimi bu cür kampaniyalara qaraşı ön sırada olub. Bu gün də təəssüf olsun ki, ölkəmizə qarşı belə kampaniyalar aparılmaqdadır. Bu kampaniyalara qarşı mübarizə yolu isə həqiqətin düzgün formada çatdırılmasıdır. Həqiqətin çatdırılması üçün isə, bizim birgə çalışmağımız, koordinasiya olunmuş şəkildə işləməyimiz lazımdır. Bir-birimizə qarşılıqlı şəkildə dəstək verməyimiz lazımdır.
Eyni zamanda, sosial media tendensiyaları meydana gəlir və bu tendensiyaların yaxından izlənilməsi və təcrübə mübadilələrinin aparılması da ölkələrimiz üçün olduqca vacibdir ki, biz ölkələrimizi və vətəndaşlarımızı manipulativ xarakterli kənar təzyiqlərdən və təsirlərdən qoruya bilək.
Azərbaycanın burada öz təcrübəsi vardır. Və savaş dönəmində ölkəmizə qarşı olan bu kimi hücumların bir daha şahidi olduq” – deyə H.Hacıyev qeyd edib.
H. Hacıyev bildirib ki, Qarabağda 10 min kvadrat kilometrdən artıq Azərbaycan torpaqları tamamilə dağıdılmış və məhv edilmişdir: “XXI yüzillikdə bir torpağın, bir şəhərin bu formada dağıdılması insanın ağlına belə gəlmir. Mən də bir daha təşəkkür edirəm ki, qardaş Türkiyədən olan media mənsubları dəfələrlə mediaturlarda iştirak etmiş, Azərbaycanın məhv edilmiş şəhərlərini və vandallıq aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır”.
H.Hacıyev bloggerlərdən, sosial media mənsublarından Azərbaycan xalqının haqlı səsinə səs verməyi xahiş edərək bildirib ki, məqsədimiz burada qisas deyil. Bizim məqsədimiz gələcək sülhə çağırışdır. Bizim məqsədimiz dünyada bu kimi əməllərin gələcəkdə qarşısının alınmasıdır.
“Eyni zamanda, Qarabağda Azərbaycan və Türkiyə xalqlarına məxsus olan dərin mədəniyyət irsi vardır. Təəsüüflə qeyd eməliyəm ki, mədəniyyətimiz 30 il ərazində məhv edilmişdir. Azərbaycan xalqına məsus 67 məscid dağıdılıb və Azərbaycan xalqına həqarət olaraq bu məscidlərdə donuz saxlanılıb” – deyə H.Hacıyev əlavə edib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev qeyd edib ki, hazırda Azərbaycan xalqının məqsədi Qarabağı yenidən qurmaq və Türk-islam sivilizasiyasının mərkəzi məntəqələrindən biri kimi Qarabağın tarixi nüfuzunu özünə qaytarmaqdan ibarətdir:
“Biz əminik ki, qardaş Türk dövlətləri də bu məsələdə Azərbaycanın yanında olacaqlar. Və bu məsələdə də birlikdə addım atacağıq.”
Qeyd edək ki, Tədbirdə Türk Şurasına üzv ölkələr – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi dövlət Macarıstanla yanaşı, Türkmənistan və Şimali Kipr Türk Respublikasından olan media nümayəndələri, akademiklər, dövlət qurumları və təşkilatlarının yüksəkvəzifəli şəxsləri, iştirak edirlər.
Media forumunda “Ortaq mədəni gələcək: Türk dünyasında serial və film sektoru”, “Keçmişdən gələcəyə Türk dünyası birliyi”, “Türk dünyası olaraq gələcəyi qurmaq” kimi bir sıra mövzularda panellərin keçirilməsi nəzərdə tutulur.