Home Cəmiyyət Bolqarıstan nümayəndə heyəti Ağdama səfər edəcək

Bolqarıstan nümayəndə heyəti Ağdama səfər edəcək

230
0
SHARE

Azərbaycanda səfərdə olan Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə komissiyasının sədri Ana Cumaliyevanın başçılıq etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edəcək.

Oktyabrın 25-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə komissiyasının sədri Ana Cumaliyevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları səmimiyyətlə salamlayan Sahibə Qafarova qeyd edib ki, bu görüş ölkəmiz üçün tarixi əhəmiyyətli bir dövrə – Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbənin ildönümü ərəfəsinə təsadüf edir. Spiker bildirib ki, 2020-ci ildə Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın 30 illik Ermənistan tərəfindən işğalına son qoyaraq öz ərazi bütövlüyünü bərpa edib. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər ərzində kağız üzərində qalan 4 qətnaməsini özü həyata keçirib.

Milli Məclisin Sədri qeyd edib ki, istər ötən ilin 27 sentyabr tarixinədək, istərsə də döyüş əməliyyatlarının davam etdiyi dövrdə Ermənistan bir çox hərbi təxribatlar törədib. O, xüsusilə, Ermənistanın Azərbaycanın iri şəhərlərini, rayon mərkəzlərini və kəndləri artilleriya atəşinə, raket hücumlarına məruz qoduğunu, mülki əhalini və mülki obyektləri hədəfə aldığını bildirib və əlavə edib ki, bu hücumlar nəticəsində onlarla dinc sakin, o cümlədən, qadınlar və uşaqlar həlak olublar. Spiker diqqətə çatdırıb ki, Ermənistan bu gün də öz təxribatçı əməllərindən əl çəkmir və sülhün bərpa olunmasına, quruculuq, abadlıq işlərinə maneçilik törədir. Sahibə Qafarova deyib ki, 10 noyabr bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Spiker qeyd edib ki, münaqişə artıq tarixə qovuşub. Hazırda Azərbaycan gələcəyə hədəflənmiş layihələr icra edir, işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa və quruculuq işləri aparılır. Milli Məclisin sədri xatırladıb ki, cari ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb.

Bolqarıstan nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edəcəklərini bildirən S.Qafarova deyib ki, onlar həmin ərazilərdə Ermənistan tərəfindən törədilən vəhşilikləri öz gözləri ilə görəcəklər. Onun sözlərinə görə, Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında şəhərləri, kəndləri, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb.

Azərbaycan ilə Bolqarıstan arasında əlaqələr haqqında da danışan Sahibə Qafarova vurğulayıb ki, bu münasibətlər yüksələn xətlə inkişaf edir. Spiker qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi qarşılıqlı maraqlara uyğundur və hər iki tərəf bu istiqamətdə iradə nümayiş etdirir. Azərbaycanla Bolqarıstan arasında münasibətlər zəngin müqavilə-hüquq bazasına söykənir.

Sahibə Qafarova Azərbaycan və Bolqarıstanın qanunverici orqanları araslnda da əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini vurğulayaraq, hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyətini təqdir edib.

Görüşdə çıxış edən Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə komissiyasının sədri Ana Cumaliyeva ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyi bildirərək, regionda sülh və təhlükəsizliyin təmin olunmasının əhəmiyyətini qeyd edib. O, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə əməkdaşlıq münasibətləri haqqında məlumat verib.

Görüşdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə komissiyası sədrinin müavini Baki Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.