Macarıstanlı məşhur jurnalist və publisist Peter Erdeyi Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinə bu yaxınlarda baş tutmuş səfəri haqqında “Elet es Tudomany” jurnalında məqalə dərc etdirib.
Azərbaycana üçüncü dəfə, yaxın vaxtlara qədər “od tutub yanan” Qarabağa isə ilk dəfə səfər etmiş müəllif orada gördüyü dağıntılara görə sarsıldığını bildirir. Erdeyi yazır: “Müharibə kəndlərə, meşələrə, üzümlüklərə, faunaya, insanlara, hətta dəfn edilmiş ölülərə də rəhm etməyib. Qarabağın cənub hissəsindəki yandırılmış torpaq işğalçıların zəbt etdikləri torpaqların sakinlərinə dərin nifrət bəsləməsinə sübutdur”.
1917-ci il inqilabına qədər Azərbaycan ərazisində çox xalqların nümayəndələri, hətta öz tarixi vətənlərindən uzaq düşmüş almanlar, polyaklar, yunanlar da yaşayırdı. Burada hətta atəşpərəst hindilərin icması da olub. Lakin millətlər palitrasının bir qədər məhdudlaşmasına baxmayaraq indi də burada yaşayan etnik azlıqların xəritəsi yetərincə müxtəlifdir.
SSRİ dağılandan bir il sonra, 1992-ci ildə başlanmış birinci Ermənistan-Azərbaycan müharibəsi iki il davam etdi. Azərbaycanın müstəqil dövlətə çevirilməsindən cəmi bir il keçmişdi və sovet qoşunları onun ərazisini tərk etmişdi. Qonşu Ermənistandan isə bu qoşunlar getmədi, hətta indi də Rusiyanın 102-ci bazasının hərbi kontingenti Ermənistanda yerləşir. Siyasi rejim dəyişəndən və azərbaycanlılara qarşı etnik təmizləmələrdən sonra Ermənistan etnik baxımdan bircins milli dövlətə çevrildi. 2011-ci ildə siyahıyaalma zamanı Ermənistan sakinlərinin yalnız 2 faizi özlərini qeyri-erməni hesab ediblər. Eyni zamanda, əhalisinin sayı 10 milyon olan Azərbaycanda sakinlərin təqribən 10 faizi titul millətinə aid deyil və etnik azlıqları təmsil edir. Bəzi hesablamalara görə, Bakıda təqribən 30 min, Qarabağda isə daha 25 minə yaxın erməni yaşayır. Qafqaz dağlarının cənubunda yerləşən Qarabağın əhalisi əsirlər boyu dəfələrlə dəyişib. Bu, 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti üçün xüsusilə səciyyəvi idi. Erdeyi xatırladır ki, Qarabağdan əlavə ona bitişik rayonlar da işğal edilmiş, orada ermənilər “bufer zonası” yaratmışdılar.
Müəllif yazır: “Bu yaxınlarda Qarabağın aran rayonlarına səfər zamanı mənə ən güclü təsir göstərən bu oldu ki, bəzən saatlarla bu ərazidə yalnız xarabalıqları görmək mümkün idi, bircə salamat bina, elektrik dirəyi, ağac da qalmamışdı. Hətta vəhşi heyvanlar da görünmürdü. Sanki Ayın səthində idi – qumsal səhra, ətrafda yalnız kötüklər və daşlar var. Bir də, əlbəttə, piyadalar əleyhinə milyonlarla mina. Bu minaların basdırmağın məqsədi o olub ki, bu torpağın əvvəlki sahibləri buraya qayıtmağı ağlına belə gətirməsinlər.
Ağdam şəhərinin taleyi çox faciəli olub. 1993-cü ildə şəhər tamamilə dağıdılıb. İşğalçılar hətta şəhər qəbiristanlığını da dağıdıb, məşhur tarixi şəxsiyyətlərin məzarlarını alt-üst ediblər. Erdeyi öz həmkarı, azərbaycanlı jurnalist Eldar İsmayılovun dediklərini sitat gətirir: “Hər şeyi bərpa etmək olar – evləri də, təsərrüfat tikililərini də, məbədləri də. Amma atamın cəsədinin başına gətirilənləri necə “düzəltmək” olar? Bu, təkcə bizə deyil, mənim ailəmlə eyni vəziyyətdə olan insanların hamısına çox böyük mənəvi zərbədir. Qərara almışam ki, Ermənistana qarşı iddia ilə Avropa Məhkəməsinə müraciət edim. Dağlıq Qarabağa qarşı bunu edə bilmərəm, çünki o, heç kəs tərəfindən tanınmamış siyasi qurumdur”.
40 min sakini olan Ağdam şəhəri elə viran qoyulub ki, indi onu çox vaxt “Qafqazın Hirosiması” adlandırırlar. Elə ilk baxışdan görünür ki, bu həqiqətən belədir. Mərkəzi şəhər məscidinin iki uca minarəsi istisna olmaqla bütün şəhər xarabalığa çevrilib. Həmin minarələrdən erməni əsgərlər kəşfiyyat qüllələri kimi istifadə edirdilər. Məscidlərdə ermənilər ev heyvanları, o cümlədən müsəlmanlar üçün “murdar” sayılan donuz saxlayıblar.
Macar jurnalist yazır: “Mən orada olanda məscidin daş döşəməsi peyinlə dolu idi. Bu mənzərə mənim təsəvvürümü daha da kəskinləşdirdi. Azərbaycanın məşhur tarixi şəxsiyyətlərinin məzarları, möhtərəm xanların və imamların türbələri dağıdılıb, məzar daşları uçurulub və sındırılıb, skelet qalıqları ətrafa səpələnib. Şəhərin təməlini qoymuş İbrahimxəlil xanın məqbərəsi də dağıdılıb. Xurşidbanu Natəvanın abidəsi dağıdılıb, onun məzarı qazılıb, sümükləri ətrafa səpələnib. XIX əsrdə yaşamış Natəvan xeyriyyəçi olub. Onu Azərbaycan poeziyasının ən yaxşı nümayəndələrindən biri hesab ediblər. Natəvanın əsərləri məhəbbət mövzusunda qəzəllərdir”.
Ermənilər müsəlman qəbiristanlıqlarını təhqir etmələrini belə izah edirlər ki, bu yolla xristianlığın əsasını aqressiv şəkildə yayılmaqda olan İslam fundamentalizmindən qoruyurlar. Əgər kimsə haçansa Azərbaycanda olubsa o adam təsdiqləyər ki, bu ölkə sülh və asayiş diyarıdır, burada kor-koranə mövhumatdan əsər-əlamət yoxdur.
Erdeyi məqaləsinin sonunda yazır: “Məsələn, bizim sürücü sünni idi, iş vaxtı dayanmadan çalışırdı. Sadəcə, səhər nahar vaxtı və axşam bizim qrupdan aralanır namaz qılırdı. Amma müəzzin səsini eşitmədim. Məhz bu cür liberal münasibətə görə, qonşu ölkələrdən, məsələn İrandan olan milliyyətcə azərbaycanlı turistlər buraya axın-axın gəlir. Onlar bu Avropa ölkəsində istirahət etməyə, alış-veriş və əyləncə üçün gəlirlər”.