Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə “Hyatt Regency Tashkent” otelində Zəfər Günü münasibətilə qəbul keçirib.
AZƏRTAC xəbər verir ki, qəbulda Özbəkistan xarici işlər nazirinin müavini Erkin Xamrayev, dövlət strukturlarının və beynəlxalq təşkilatların nümayəndələri, səfirlər, elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.
Əvvəl iştirakçılar Zəfər Günü ilə bağlı foyedə təşkil olunan fotosərgiyə baxıblar.
Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndikdən sonra Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyev salona toplaşanları Zəfər Günü münasibətilə təbrik edib, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını bildirib.
Özbəkistanın Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyi, bu məsələdə prinsipial mövqe tutduğu üçün Özbəkistan Prezidentinə və özbək xalqına minnətdarlığını bildirən səfir Prezident seçkilərində inamlı qələbə çaldığına görə Şavkat Mirziyoyevi təbrik edib, ölkənin inkişafı istiqamətindəki fəaliyyətində ona uğurlar arzulayıb.
Ermənistanın təcavüzkar siyasətindən danışan səfir Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 20 min soydaşımızın şəhid, 50 min adamın yaralandığı və əlil olduğunu, 4750 nəfərin itkin və əsir düşdüyünü diqqətə çatdırıb. Diplomat qeyd edib ki, ermənilər 877 şəhər, qəsəbə və kəndi dağıdıb və yandırıb. İşğal olunan Azərbaycan ərazilərində məscidlər, tarix-memarlıq abidələri məhv edilib.
Azərbaycanın işğal olunan ərazilərinin qeyd-şərtsiz boşaldılması ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə 30 ilə yaxın bir müddətdə icra olunmayıb.
H.Quliyev deyib: “Ermənistanın təxribatlarından cana doyan Azərbaycan öz torpaqlarının müdafiəsinə qalxıb və 2020-ci il sentyabrın 27-də əks-hücuma başlayıb. Azərbaycan ancaq hərbi obyektləri vurduğu halda Ermənistan Azərbaycanın şəhərlərini və mülki obyektləri dağıdıcı raketlərlə atəşə tutub. Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Ağcabədi, Siyəzən və digər şəhər və kəndlərimizə 227 raket, 30 min mərmi atılıb. Bu hücumlar nəticəsində 100 mülki şəxs ölüb, 450 adam yaralanıb, bunun da 11-i uşaqdır. Ərazilərimizdə 12 min mülki ev, infrastruktur obyektləri və vətəndaşların mənzilləri dağıdılıb. Bu da 1949-cu ildə imzalanmış Cenevrə Konvensiyasına və mülki əhalinin atəşə tutulması ilə bağlı konvensiyaya ziddir”.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdi. İndi azad olunan torpaqlarda bərpa-yenidənqurma işlərinə start verilib. Əminəm ki, bu torpaqlar bərpa olunacaq, vətəndaşlarımız öz dədə-baba yurdlarına qayıdacaq.
Qeyd edək ki, tədbir zamanı Ermənistanın Azərbaycana təcavüzü, işğal olunan torpaqlarımızda həyata keçirdiyi vandalizm siyasəti, Vətən torpaqlarımızın azad edilməsi, azad olunan ərazilərində həyata keçirilən geniş quruculuq işlərinə dair AMM tərəfindən hazırlanan videomaterial nümayiş etdirilib.
Sonra iştirakçılar Zəfər Günü münasibətilə Azərbaycan milli yeməklərinə qonaq ediliblər.