Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 8 Noyabr – Zəfər Günü münasibətilə “Twitter” hesabında paylaşım edib.
Tan.az-ın məlumatına görə, paylaşımda deyilir:
“Haqlı mübarizəsində qazandığı zəfərdən sonra artıq Qarabağda Can Azərbaycanın bayrağı dalğalanır, xarıbülbül çiçəyi coşqu ilə açır.
Qardaş Azərbaycanın Zəfər Günü mübarək olsun. Əziz şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun”
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu.