“Hər zaman deyirdik ki, “Vətən, sənə canım fəda”, “Hər şey vətən üçün”. Şükür ki, Vətən uğrunda vuruşmaq mənə də nəsib oldu”.
Bu sözləri Vətən müharibəsi iştirakçısı, leytenant Cəfərsadiq Məmmədov deyib. O, keçdiyi döyüş yolundan danışıb. O bildirib ki, torpaqların geri qaytarılmasında əməyinin olmağı gözəl hissdir:
“Döyüş zamanı aviasiya qüvələri ilə birgə düşmənin bir neçə postunu dağıtdıq. Ağır döyüşlər gedirdi. Sentyabrın 29-da düşmən snayperinin gülləsinə tuş gəldim. Başımdan yaralandım. Məni Bakıdakı hərbi hospitala göndərdilər. Bir müddət orada müalicə aldım, sonra bizə dedilər ki, əməliyyat üçün Türkiyəyə yollanacaqsınız. Türkiyənin İzmit şəhərində, Kocaeli xəstəxanasında əməliyyat olundum. Çox şükür yaxşıyam. “YAŞAT” Fonduna göstərilən dəstəyə görə minnətdarlığımı bildirirəm. Sağ olsunlar ki, bizim müalicəmizlə maraqlanırlar”.
Qeyd edək ki, Məmmədov Cəfərsadiq Zeydulla oğlu 31 avqust 1999-cu ildə Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olub. Orta təhsilinə Birinci Yeddioymaq kənd orta məktəbində başlayıb, daha sonra isə Bakı şəhər 59 saylı ümumtəhsil məktəbində davam etdirib. 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub, 2016-cı ildə liseyi bitirərək, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsilini davam etdirib. 2020-ci ildə Ali Hərbi Məktəbdə təhsilini başa vuran hərbçimiz leytenant rütbəsi alıb və Goranboy rayonunda N saylı hərbi hissədə taqım komandiri kimi xidmətə başlayıb. Vətən Müharibəsi başlayanda ön xəttə gedən ilk dəstələrdən biri məhz Cəfərsadiq Məmmədovun taqımı olub. O, şəxsi heyəti ilə birgə Suqovuşan, Talışkənd uğrunda gedən döyüşlərdə iştirak edib və Talışkənddə ağır döyüş zamanı yaralanıb.