Home Cəmiyyət Ramil Vəlibəyov: Üçtərəfli Bəyanat erməni miflərinə son qoydu, “böyük Ermənistan” planını fiaskoya...

Ramil Vəlibəyov: Üçtərəfli Bəyanat erməni miflərinə son qoydu, “böyük Ermənistan” planını fiaskoya uğratdı

226
0
SHARE

Ötən il noyabrın 10-da imzalanmış Bəyanat Azərbaycanın Qələbəsini, Ermənistanın hərbi kapitulyasiyasını rəsmiləşdirən sənəddir. Bu Bəyanat uzun illər davam edən işğala son qoydu və münaqişənin hərbi mərhələsi başa çatdı, Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı və 44 günlük Vətən müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov AZƏRTAC-a açıqlamasında deyib.

R.Vəlibəyov bildirib ki, üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi-siyasi Qələbəsini rəsmiləşdirməklə yanaşı, ümumxalq birliyinin də təntənəsinə çevrilib. “Sirr deyil ki, 44 gün ərzində ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşadı, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izlədi, uğurlara sevindi, küçələrə axışdı. Ölkəmizdə yaşayan bütün millətlərin, dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bununla da, bütün dünya Azərbaycan xalqının birliyini gördü”, – deyə o qeyd edib.

Status-kvonu dəyişən üçtərəfli Bəyanatın Azərbaycanın maraqlarına tam uyğun hazırlandığını vurğulayan Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri diqqətə çatdırıb ki Prezident, Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdu. Eyni zamanda, Qarabağa heç bir status verilmir, “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlar kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazilərdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı da Azərbaycanın səlahiyyətindədir.

“İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı Qələbəsi kimi qalacaq”, – deyən Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Vətən müharibəsi Azərbaycanın parlaq Qələbəsi ilə başa çatıb və artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistan ordusunun “məğlubedilməzliyi” barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa vadar etdi və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ermənistanın silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bununla da erməni miflərinə son qoyuldu, “böyük Ermənistan” planı fiaskoya uğradı. Qələbə həm də azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaq. Bu, belə də oldu”