Azərbaycan Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması ABŞ mətbuatının da diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın “Medium.com” portalında, “The Washington Outsider News” xəbər agentliyinin saytında və BMT-nin Nyu-Yorkdakı Baş qərargahında fəaliyyət göstərən nüfuzlu “Turkish Journal” informasiya resursunda Ali Ordenin dövlətimizin başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilməsi barədə geniş məqalələr dərc olunub.
Yazılarda 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək tarixi Zəfərin qazanılmasında müstəsna rol oynayan, bununla da türk birliyinə misilsiz xidmət etmiş Prezident İlham Əliyevin fəaliyyətindən bəhs olunur. Dövlətimizin başçısının rəhbərliyi ilə 30 ildən sonra Azərbaycanın torpaqlarını işğaldan azad etməsinin türk dünyasında sülhün və ədalətin bərqərar olunmasına zəmin yaratdığı xüsusi vurğulanır. Bununla yanaşı, yazılarda qeyd olunur ki, dövlətimizin başçısına təqdim olunan ali mükafatla bağlı qərar Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasında dörd ölkə liderinin – Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin imzası ilə qəbul olunub.
Xəbərlərdə, eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın Ali Ordeni Azərbaycan Prezidentinə təqdim edən zaman söylədiyi sözlər də oxuculara çatdırılıb.
Bundan başqa, məqalələrdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti, iş prinsipləri, bu günə qədər keçirilən Zirvə görüşləri və qəbul edilən qərarlar haqqında məlumatlar yer alıb.