Home Biznes və iqtisadiyyat xəbərləri İnkişafa və sağlam əməkdaşlığa AÇILAN QAPI

İnkişafa və sağlam əməkdaşlığa AÇILAN QAPI

298
0
SHARE

” Zəngəzur dəhlizinin əhəmiyyəti onun istifadəyə verilməsindən sonra daha çox qiymətləndiriləcək. Bu gün dəhlizin reallaşmasına təşəbbüs göstərənlər gələcəyi görənlərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin açılmasının nəinki ölkəmiz üçün, region və dünyanın bir çox ölkələri üçün faydalı olduğunu dəfələrlə xatırlatması tsəadüfi deyil. Məhz buna görə də bu gün dəhlizin istifadəyə verilməsinə region ölkələri ilə yanaşı dünyanın bir çox dövlətləri də ciddi maraq göstərirlər”.

Bu sözləri tan.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Millət vəkilinin sözlərinə görə, Zəngəzur dəhlizi Avropa məkanında yeni nəqliyyat arteriyası yaratmaqla Azərbaycan iqtisadiyyatının inkişafına təkan verəcək:

” Zəngəzur dəhlizinin açılması region dövlətlərinin iqtisadi inkişafında əsaslı rol oynamaqla bərabər həm də Cənubi Qafqazda sülh, barış və əməkdaşlığın bərpa olunmasında böyük əhəmiyyətə malikdir. Bu da geosiyasi, siyasi, ideoloji, coğrafi, iqtisadi, sosial, mədəni, hüquqi və təhlükəsizlik məsələlərinin əlaqələndirilməsi və qiymətləndirilməsi baxımından dövlətlər və xalqlar üçün çox faydalıdır. Dəhlizin açılması bölgənin, eləcə də  türkdillli ölkələrin iqtisadiyyatının inkişafı və bu dövlətlərin bir- birinə yaxınlaşması, əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olacaqdır. Azərbaycan türk dünyasını birləşdirən bir məkan kimi özünün strateji mövqeyə malik olduğunu sübut edəcək. Prezidentimizin söylədiyi kimi türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətinin artmasına şərait yaranacaq. Bununla da bölgədə ticarət artacaq, əhalinin yaşayış səviyyəsində mühüm irəliləyişlər müşahidə olunacaq”.

T. Rzayev qeyd edib ki, Azərbaycanın Türkiyə ilə əlaqələrinin gücləndirilməsi və genişləndirilməsində dəhlizin əhəmiyyəti əvəzsizdir:

” Digər tərəfdən Zəngəzur dəhlizi Türkiyə üçün Orta Asiyaya çıxmaq, ticarət əlaqələrini genişləndirmək üçün bir qapıdır. Qardaş ölkənin türk dünyası ilə əlaqələrinin gücləndirilməsinə geniş imkanlar yaratmaqla, dövlətlərin yeni mərhələdə inkişafına zəmin olacaq. Ən başlıcası isə bu dəhliz regionda yaranmış bir sıra problemlərin aradan qaldırılması və münasibətlərin yaxşılaşdırılmasında da əsaslı rol oynayacaq”.