“3 dekabr tarixi hər il dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. BMT Baş Assambleyasının qətnaməsinə əsasən, təsis olunan bu günün məqsədi əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına, onların sosial müdafiəsinə ictimaiyyətin diqqətini cəlb etməkdir. Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı siyasət ölkəmizin qoşulduğu “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına uyğun olmaqla, onların hüquqlarının dolğun şəkildə təmin olunmasına yönəlib. Ölkəmizdə məhdud fiziki imkanlı şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilir”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, cəmiyyətin ümumi inkişaf prosesinə uyğun olaraq, eləcə də dövlət səviyyəsində həyata keçirilən islahatlar nəticəsində bu kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdıran, habelə ayrı-ayrı sosial məsələlərin həllinə imkanlar yaradan qanunlar qəbul edilir, sərəncamlar imzalanır, eyni zamanda onların maddi təminatını gücləndirmək məqsədilə yeni təqaüd və müavinətlər təsis edilir, pensiyaların və digər sosial ödənişlərin məbləği mütəmadi olaraq artırılır. Respublikamızda sosial-iqtisadi sahədə dinamik inkişafın təmin olunması bundan sonra da məhdud fiziki imkanlı şəxslərin rifahının daha da yaxşılaşmasına imkan verəcəkdir. Xüsusilə, qeyd edə bilərik ki, respublikamızda məhdud fiziki imkanlı şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı əlilliyi olan şəxslərin də sosial təminatının, reabilitasiya və cəmiyyətə inteqrasiyası məqsədilə tədbirlərin ildən-ilə güclənməsinə imkan vermişdir.
Millət vəkilinin sözlərinə görə, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu ilin oktyabr ayında Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi əlilliyi olan və digər həssas qruplara aid şəxslərə xüsusi qayğının daha bir təzahürüdür. Cənubi Qafqazda kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən ilk ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olan mərkəz həmin şəxslərin yaradıcılıq potensialının inkişafına və onların ictimai-mədəni sferada aktiv iştirakına geniş imkanlar açır.
“Hesab edirəm ki, sağlamlıq imkanları məhdud olan insanlara qayğı göstərmək təkcə dövlətin deyil, bütövlükdə cəmiyyətimizin vəzifəsi olmalıdır. Bu işdə fərd olaraq fəal olmalıyıq və ilin hər bir günü əlillərə diqqət və qayğı göstərilməlidir. Çünki heç kəs həyatında nələrin olacağını öncədən görmür, bilmir və bu səbəbdən də heç nədən sığortalanmayıb. Ona görə də, hər kəs özünün nə vaxtsa yaşaya biləcəyi bir hal kimi əlilə münasibət göstərməlidir. Əsas olan insana göstərilən dəyər, münasibətdir. Əlillik əngəl deyil, bu insanlar sadəcə fərqlidirlər. Bu tipli insanların arasında nə qədər istedadlı olanları, onların bacarıqlarını görürük. Buna misal olaraq təmsil etdiyim Bərdə rayonunda istedadlı gəncləri nümunə kimi göstərmək olar. Bərdə şəhər sakini, Dövlət Rəssamlıq Akademiyasının tələbəsi Günay Məmmədli eşitmə əngəlli olsa da, gözəl rəsm əsərləri yaradır. Yaxın günlərdə Bərdə rayonunda onun əsərlərinin sərgisinin təşkili tərəfimizdən nəzərdə tutulur. Digər çox istedadlı gəncimiz isə rayon sakini Ülvi İbadlıdır. O, şeirlər yazır və mahnılar bəstəyir və bir çox mahnıları artıq dillər əzbəridir. Ülvinin şeirlər toplusundan ibarət kitabı təşəbbüsümüzlə yaxın günlərdə çap olunacaq və rayonda geniş təqdimatın keçirilməsi planlaşdırılır.
Bir daha cəmiyyət olaraq hamınızı sağlamlıq imkanı məhdud olan insanlara dəstək olmağa çağırıram. Bizlər öz diqqətimizlə, qayğımızla onları cəmiyyətimizə qazandıra bilərik. Bu işdə hər birimiz aktiv olmalıyıq!”,-deyə Fatma Yıldırım vurğulayıb.