“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısındakı çıxışı bir daha göstərdi ki, Azərbaycan dünyaya açıqdır, bütün dövlətlərlə əlaqələr yaratmağa, əməkdaşlığı möhkəmləndirməyə maraqlıdır.” Bu sözləri tan.az-a açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri xüsusilə vurğulayıb ki, bunu dövlətimizin günbəgün artan beynəlxalq nüfuzu, iqtisadi inkişafı və dövrün reallıqları tələb edir.
“Azərbaycan İƏT-in fəal üzvlərindən biridir və bu təşkilatla münasibətlər qarşılıqlı hörmət və anlaşma zəminində qurulmuş və iqtisadi əməkdaşlığın genişlənməsinə əsaslanır. Qoşulmama hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində son illər yüksələn xətlə davam edən münasibətlər əlbəttə ki, ölkəmiz üçün faydalıdır və bunu cənab İlham Əliyev öz çıxışında bir daha xatırlatdı.
Yaxşı məlumdur ki, pandemiyanın və müharibənin yaratdığı çətinliklərə baxmayaraq Azərbaycan iqtisadiyyatı öz davamlılığını və inkişafda olduğunu sübut etdi. İqtisadi artım sürətinə görə bu gün Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıbdır. İqtisadiyyatımıza 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılubdır ki, bunun da yarısı xarici sərmayədir. Ölkədə yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib, işsizliyin səviyyəsi azalıbdır. Davos hesabatına əsasən Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, yol xidmətlərinin səmərəliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliyinə görə 25-ci, yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir. Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada, 10-cu yerdə, ölkə rəhbərinin islahatlara sadiqliyi sayəsində 5-ci yerdə qərarlaşıbdır. Bütün bunlar Azərbaycan Prezidentinin düşünülmüş siyasətinin nəticəsidir və hər dəfə beynəlxalq tədbirlərdə, toplantılarda dilə gətiriləndə hər birimizdə sonsuz fərəh və inam doğurur”, deyə Tahir Rzayev bildirib.