Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olublar.
Dövlətimizin başçısı, birinci xanım və qızları Kompleksin ərazisini gəzdilər.
Məlumat verildi ki, yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra obyektin bazasında Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi yaradılıb. Layihənin özünəməxsusluğu ondan ibarətdir ki, burada istirahət, idman, təlim və tədris bir məkanda cəmləşib. Həmçinin bu cür komplekslərin yaradılması regionlarda əmək bazarına yeni iştirakçıların daxil olmasına ciddi təkan verir.
Quba universal kompleksində 200-250 işinin çalışacağı nəzərdə tutulur. Onların mütləq əksəriyyətini yerli sakinlər təşkil edəcək.
Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Kompleksdəki 340 tamaşaçı yerlik üzgüçülük hovuzu, 6600 tamaşaçı yerlik futbol stadionu, Şahmat Mərkəzi və otellə tanış oldular.
Bildirildi ki, Kompleksin təlim və tədris hissəsində maliyyə sektoru prioritet olmaqla, bank, sığorta və kapital bazarları iştirakçıları üçün məşğələlər keçiriləcək. İlkin mərhələdə isə personalın xidmət səviyyəsinin yüksəldiləsi üçün proqramların təşkili nəzərdə tutulur.
Şahmat Mərkəzində idmanın bu növü ilə məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılıb. Çünki, şahmat dövlətimizin xüsusi diqqətində olan idman sahələrindəndir.