Home Biznes və iqtisadiyyat xəbərləri YAP Sədrinin müavini: Postkonflikt dövründə Cənubi Qafqazda təşəkkül tapan reallıqlar regionda bütün...

YAP Sədrinin müavini: Postkonflikt dövründə Cənubi Qafqazda təşəkkül tapan reallıqlar regionda bütün xalqların və dövlətlərin maraqlarına cavab verir

336
0
SHARE

Boğaziçi Sammiti regional və beynəlxalq səviyyələrdə mötəbər platforma kimi tanınır. Bu platforma vasitəsilə təşkil olunan görüşlər, toplantılar bölgədə investorları, sahibkarları və siyasətçiləri bir araya gətirərək müxtəlif layihələrin həyata keçirilməsini, regional iqtisadi siyasətin və ticarət diplomatiyasının genişləndirilməsini təşviq edir. Bu isə çoxşaxəli, fəal əməkdaşlığın gücləndirilməsinə, dövlət və özəl sektor arasında tərəfdaşlığın dərinləşdirilməsinə vacib töhfə verir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov İstanbulda keçirilən XII Boğaziçi Sammiti çərçivəsində təşkil olunan “Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıqları-İş dünyasının perspektivləri” mövzusunda panel iclasında çıxışı zamanı ifadə edib.

Sammitin işinə uğurlar arzulayan YAP Sədrinin müavini Tahir Budaqov tədbir çərçivəsində təşkil edilən müzakirələr zamanı səmərəli fikir mübadiləsi aparılacağına, iştirakçıların yeni ideya və təşəbbüslərdən faydalanmaq şansı qazanacağına ümidvar olduğunu bildirib.

Sammitin builki əsas mövzusu “Daha yaxşı dünya naminə çağırışlar” adlanır. Bunun təkcə region dövlətləri, güc mərkəzləri üçün deyil, bütövlükdə bütün xalqlar, bəşəriyyət üçün aktual məsələləri özündə ehtiva etdiyini bildirən YAP Sədrinin müavini deyib: “Şübhəsiz ki, daha yaxşı dünya naminə fəaliyyətdə, ilk növbədə, sosial və siyasi məsuliyyət prinsipləri əsas götürülməlidir. Bu istiqamətdə milli dövlətlərin roluna və vəzifələrinə gəlincə, hər bir ölkə, əsas etibarilə beynəlxalq birliyin məsuliyyətli üzvü kimi hərəkət etməli, sülhə, təhlükəsizliyə, əməkdaşlığa, həmrəyliyə, mehriban birgəyaşayışa əsaslanan siyasət həyata keçirməlidir. Bu məsələnin Azərbaycan təcrübəsi ilə əlaqədar bir sıra zəruri – vacib məqamları diqqətə çatdırmaq istəyirəm”.

Azərbaycanın dünyada etibarlı tərəfdaş, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən güclü dövlət, tolerantlıq nümunəsi və multikulturalizm diyarı kimi tanındığını xatırladan YAP Sədrinin müavini ölkəmizin regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa xidmət edən mühüm layihələr həyata keçirdiyini vurğulayaraq bildirib: “Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanın liderliyi, fəal təşəbbüsləri və moderatorluğu ilə regional miqyaslı, qlobal əhəmiyyətli layihələrin gerçəkləşdirilməsi nəticəsində Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsi yaranıb. Bununla yanaşı, respublikamız qlobal problemlərin həlli, beynəlxalq həmrəyliyin gücləndirilməsi naminə səylərin birləşdirilməsi üçün mühüm təşəbbüslər irəli sürür. Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə sahəsində addım və təşəbbüslərinin, “peyvənd millətçiliyi”nə qarşı çağırışlarının beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Eyni zamanda, Azərbaycan BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər təşkilatlarda nümunəvi fəaliyyəti çərçivəsində beynəlxalq problemlərin həllində olduqca fəal rol oynamaqdadır. Bütün bunlar isə Azərbaycanın daha yaxşı dünya üçün mühüm töhfələrindən biridir. Fürsətdən istifadə edərək Azərbaycanın haqq işinə – ərazi bütövlüyünə dəstək olan bütün ölkələrə, xüsusilə qardaş Türkiyəyə minnətdarlığımızı bildirirəm”.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfəri xatırladan Tahir Budaqov ölkəmizin bu Qələbəni qazanaraq tarixi ədaləti bərpa etməklə yeni reallıqlar formalaşdırdığını bildirib. O deyib: “Bu geostrateji reallıqlar, ilk növbədə, regionda etibarlı təhlükəsizlik mühitinin, dayanıqlı sülhün və çoxşaxəli əməkdaşlığın təmin olunmasına zəmin yaradır, həmçinin Azərbaycanın iqtisadi imkanlarının artmasına, ikitərəfli münasibətlərinin inkişafına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə təkan verir. Postkonflikt dövründə Cənubi Qafqazda təşəkkül tapan reallıqlar təkcə respublikamızın deyil, regionda bütün xalqların və dövlətlərin maraqlarına cavab verir. Xüsusilə də Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin bərpası geniş formatda unikal əməkdaşlıq imkanlarının formalaşması deməkdir. Paralel olaraq hazırda işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın həyata keçirilməsi strateji prioritet kimi müəyyənləşdirilib. İşğaldan azad olunmuş ərazilərdə abadlıq-quruculuq və yenidənqurma işlərinin aparılması, yeni investisiya mühitinin formalaşması da geniş beynəlxalq əməkdaşlığın təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Bütün bunlar isə nəticə etibarilə həm Azərbaycanın, həm də regionda digər siyasi subyektlərin, o cümlədən dost və tərəfdaş ölkələrin iqtisadi resurslarının genişləndirilməsi, beləliklə də daha yaxşı dünya naminə əlavə imkanların formalaşması deməkdir”.

“Xüsusi olaraq qeyd etmək istəyirəm ki, dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri, iki qardaş ölkənin birgə təşəbbüsləri postmüharibə dövründə regionun yeni geostrateji dizaynında müstəsna rol oynayır”, – deyə YAP Sədrinin müavini vurğulayıb: “Ümumiyyətlə, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri, qardaşlığı bütün sahələrdə əməkdaşlığa, görülən işlərə öz töhfəsini verməkdədir. Bütövlükdə, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bu gün regionda mühüm bir faktordur. Postkonflikt mərhələsində iki ölkənin tərəfdaşlığı bölgədə sülh və təhlükəsizlik mühitinin möhkəmlənməsi, çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsi və inteqrasiyanın sürətlənməsi baxımından böyük əhəmiyyətə malikdir. Bu isə regional sabitlik və işbirliyi fonunda xalqların, dövlətlərin maraqlarına xidmət edən amil kimi daha yaxşı dünya naminə fəaliyyətdə mühüm əhəmiyyətə malikdir”.

Bir daha Sammitin işinə uğurlar diləyən Tahir Budaqov toplantının bütün iştirakçılar üçün faydalı və səmərəli olmasını arzulayıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul