Home Biznes və iqtisadiyyat xəbərləri Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə bəslədiyi ümidlər boşa çıxdı – TƏHLİL

Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə bəslədiyi ümidlər boşa çıxdı – TƏHLİL

1177
0
SHARE

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın təqdim etdiyi əsaslandırılmış və təkzibolunmaz dəlil-sübutları nəzərə alaraq, Ermənistanın başlıca tələblərini, o cümlədən rəsmi Yerevanın “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını” təmin etmədi.

Siyasi şərhçi Elçin Mirzəbəyli açıqlamasında bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına və Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddialarına da “yox” dedi və bununla da, rəsmi İrəvanın bütün əsassız gözləntilərinin üzərindən xətt çəkdi:

“Məhkəmənin Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərarı isə beynəlxalq müstəvidə rəsmi Yerevana və revanşçı qüvvələrə verilən ən önəmli mesajdır. Bu qərar, eyni zamanda, vaxtilə Azərbaycan torpaqlarının işğal edilməsi, azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə aktlarının həyata keçirilməsi, Azərbaycan ərazilərində misli görünməmiş vandalizm aktlarının, həmçinin digər müharibə cinayətlərinin əsas səbəbinin Ermənistanda mövcud olan və uzun illər boyu körüklənən ultramillətçi, aqressiv əhval-ruhiyyədən qaynaqlandığını ifadə edir. Bu qərar Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən bütün dünyaya erməni millətçiliyinin nə qədər təhlükəli olduğu barədə xəbərdarlığı kimi də qiymətləndirilə bilər”, – deyə E.Mirzəbəyli bildirib.

Beləliklə, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə bəslədiyi ümidlər və təbii ki, bu ümidlərdən doğan planları da boşa çıxdı: “Manipulyasiya üçün yer qalmadı. Daha öncə də qeyd etdiyim kimi, Ermənistanın iddialarının təmin edilməməsinin əsas səbəbi, istisnasız olaraq, Azərbaycan tərəfinin nümayiş etdirdiyi çeviklik və peşəkarlıqdır. Azərbaycan döyüş meydanında olduğu kimi hüquq müstəvisində də Ermənistanı məğlub etdi”, – deyə E.Mirzəbəyli vurğulayıb.

Politoloq Şəbnəm Həsənova isə açıqlamasında qeyd edib ki, illər ərzində Prezident İlham Əliyev Ermənistanın yalanlarını tarixi faktlarla, beynəlxalq hüquqa istinad etməklə, ən əsası isə Azərbaycan xalqının milli maraqlarını rəhbər tutmaqla böyük ustalıqla, siyasi təmkinlə ən ali kürsülərdə ifşa etdi, əslində dövlət başçımız hələ də bu işi davam etdirir:

“Azərbaycan Ordusu 44 gün ərzində Ermənistanı döyüş meydanında diz çökdürdüsə, bu dəfə isə Azərbaycan Ermənistanı hüquqi müstəvidə, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində məğlub etdi. Daha sadə dillə desək Ermənistan dövlətinin yalan üzərində qurulduğu rəsmi şəkildə sübuta yetirildi. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiası”, Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiasını təmin etmədi. Beynəlxalq məhkəmə bildirib ki, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiasına dair əsaslandırılmış sübutlar təqdim edilməyib. Əslində, məhkəmə sadə dillə Ermənistana deyir ki, yalan danışırsan”, – deyə Ş.Həsənova vurğulayıb.

O qeyd edib ki, sözügedən üç məsələ üzrə ermənilərin iddiasının təmin olunmamasının əsas səbəbi odur ki, Azərbaycan sadəcə prinsipial, qalib dövlət kimi post-müharibə reallığına uyğun olaraq konstruktiv siyasət yürütmür, həm də sistematik işlər görür:

“Bu baxımdan da hüquqi müstəvidəki bu qələbəmiz Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən doğur. Azərbaycan dövlətinin bir neçə meyar üzrə – mahiyyət, kəmiyyət və keyfiyyət baxımından gördüyü işlər, sadəcə, yerli və regional kontekstdə deyil, qlobal və ümumbəşəri anlamda da tarixdə iz qoyan işlərdir.

Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın əsassız, yalan iddialarını haqlı olaraq təmin etməməsi haqqın və ədalətin növbəti təntənəsidir. Belə də olmalı idi. Məhkəmənin fərqli qərar verəcəyinə isə ancaq miflərə inanmağa vərdiş edənlər ümid edə bilərdi. Necə ki, illər ərzində “məğlubedilməz” erməni ordusu mifinə inanmışdılar. 44 günlük Vətən müharibəsində Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının nizamnaməsinin VII fəslinə də müvafiq olaraq vaxtilə imzalanan, lakin icra olunmayan qətnamələri və yaradılan atəşkəsi qüvvəyə mindirmək üçün sülhün bərpa olunması məqsədilə əks-həmlə və sülhəməcburetmə əməliyyatları keçirdi, “məğlubedilməz” erməni ordusu mifini yerlə-yeksan etdi, indi də dövlətimiz beynəlxalq hüquq çərçivəsində bütün məsələləri sonuna qədər icra edir”, – deyə politoloq bildirib.