Home Biznes və iqtisadiyyat xəbərləri Xələf Xələfov Moskvada keçirilmiş “3+3” formatında görüşü şərh edib

Xələf Xələfov Moskvada keçirilmiş “3+3” formatında görüşü şərh edib

227
0
SHARE

Xarici işlər nazirinin müavini Xələf Xələfov Moskva şəhərində keçirilmiş “3+3” formatında görüş ilə bağlı KİV-in sualını cavablandırıb.

Xarici İşlər Nazirliyinin məlumatına görə, o xatırladıb ki, 10 dekabr 2021-ci il tarixində Moskva şəhərində, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü təşəbbüsə əsasən “3+3” regional məsləhətləşmələr mexanizminin Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində təsis iclası keçirilib.

“Gürcüstanın gələcəkdə bu formata qoşulması bütün iştirakçılar tərəfindən təqdir edilmişdir. Həyata keçirilən müzakirələrin nəticələri barədə Gürcüstan tərəfi də məlumatlandırılacaqdır.

İclasda regionda etimadın artırılması, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası, yenidən qurulması və genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafına yönəlik fikir mübadiləsi aparılıb.

Mexanizm çərçivəsində nazir müavinləri səviyyəsində görüşlər və müzakirələrin ən azı ildə iki dəfə olmaqla, rotasiya əsasında hər dəfə bir iştirakçı ölkədə keçirilməsi nəzərdə tutulur. Görüşlər və müzakirələr Xarici İşlər Nazirliklərinin əlaqələndirməsi və yönəltməsi çərçivəsində iqtisadiyyat və nəqliyyat nazirliklərinin, ehtiyac yarandıqda isə digər sahəvi qurumların iştirakı ilə keçiriləcəkdir.

Məsləhətləşmələr mexanizminin fəaliyyətinin inkişafından asılı olaraq, daha yüksək səviyyədə görüş və müzakirələr təşkil oluna bilər. Mexanizmin fəaliyyəti konsensus prinsipi əsasında aparılacaqdır.

Görüşlərdə ümumi regional məsələlər və tərəflər üçün qarşılıqlı maraq doğuran və regional sabitliyə və rifaha töhfə verən təşəbbüs və layihələr müzakirə edilə bilər.

Növbəti görüşün keçirilməsi diplomatik kanallar vasitəsi ilə razılaşdırılacaqdır”, – deyə nazir müavini qeyd edib.

Xatırladaq ki, bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinlərinin həmsədrliyi ilə “3+3” Məşvərətçi Regional Platformasının ilk iclası keçirilib.

Görüş zamanı çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Platformanın işini onun bütün iştirakçılarını maraqlandıran praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi çağırış və təhdidlərə qarşı mübarizə tədbirləri daxildir.

İclasda, həmçinin aidiyyəti nazirlik və idarələrin mümkün iştirakı ilə gələcək addımlar və iş planları müzakirə edilib.