Home Biznes və iqtisadiyyat xəbərləri Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Büro iclası keçirilib (FOTO)

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Büro iclası keçirilib (FOTO)

249
0
SHARE

Dekabrın 16-da Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin videokonfrans formatında 16-cı Büro iclası keçirilib.

Milli Məclisdən bildirilib ki, iclas Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədrləri Marina Kalyurand və Cavanşir Feyziyevin giriş nitqləri ilə başlayıb.

Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, komitənin həmsədri Cavanşir Feyziyev 2018-ci ildə keçirilən 15-ci Büro iclasından keçən müddət ərzində həm regionda, həm də dünyada, o cümlədən Avropada çox şeyin dəyişdiyini qeyd edib. O, Azərbaycanda parlament seçkilərinin keçirilməsi, əməkdaşlıq komitəsinin tərkibinin dəyişməsi, 44 günlük Vətən müharibəsində Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərini işğaldan azad etməsi barədə danışıb, regionda yaranan yeni hərbi-siyasi vəziyyət və əməkdaşlıq imkanları barədə məlumat verib.

Sonra Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin indiki vəziyyətinə dair çıxışlar dinlənilib.

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycanla Aİ arasında əməkdaşlığın hazırki vəziyyəti, prioritetləri və həyata keçirilən layihələr barədə danışıb.

İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Allahverdi Paşayev, Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq tərəfdaşlığı ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Riçard Tibbels və Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş direktorluğunun bölmə rəhbəri David Kullen çıxışlarında Azərbaycanın Avropa İttifaqı ilə müxtəlif proqram və layihələr çərçivəsində, xüsusən enerji sahəsindəki əməkdaşlığını qeyd ediblər, ölkəmizin etibarlı iqtisadi tərəfdaş olduğunu vurğulayıblar.
İclasda “2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatdan keçən bir il sonra regional təhlükəsizlik” mövzusunda deputatlar Erkin Qədirli, Tural Gəncəliyev, Razi Nurullayev, Elman Nəsirov və Şahin Seyidzadə, “İqtisadi və enerji əməkdaşlığı” mövzusunda deputatlar Azər Kərimli və Emin Hacıyev, “İnsan hüquqları, demokratiya və qanunun aliliyi” mövzusunda deputatlar Kamal Cəfərov və Sevil Mikayılova çıxış ediblər.
Çıxışçılar bölgədəki vəziyyətlə bağlı Avropa Parlamentinin üzvlərinə məlumat veriblər, Avropa Parlamentində Azərbaycanla bağlı səslənən fikirlərə aydınlıq gətiriblər.

İclasda post-müharibə dövründə regionda cərəyan edən hadisələr ətraflı müzakirə edilib, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə keçirilən görüşün nəticələrinin regionda sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyinə inam ifadə olunub.

Onlayn iclasda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin üzvü olan deputatlar Nurlan Həsənov, İltizam Yusifov və digər rəsmi şəxslər də iştirak ediblər.