Home Biznes və iqtisadiyyat xəbərləri Deputat: “Zaman xalqımızın xeyrinə işləyir”

Deputat: “Zaman xalqımızın xeyrinə işləyir”

236
0
SHARE

Prezident İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə müsahibə verib. Müsahibədə Azərbaycanla Ermənistan arasındakı hazırkı vəziyyət, real sülh sazişi, sərhədlər və digər məsələlərə toxunulub.

Ölkə başçısının səsləndirdiyi fikirlər ölkəmiz üçün çox əhəmiyyərlidir.

Millət vəkili Tahir Rzayev tan.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Brüsseldə İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibə Azərbaycan-Ermənistan münasibətlərinə, dövlət başçısının bu münasibətlərin tənzimlənməsində mövqeyinə aydınlıq gətirməsi və bunun da bir daha dünyaya bəyan edilməsi baxımından önəmlidir:

“Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra bu müsahibənin verilməsi və geniş əks-səda doğurması Azərbaycan Prezidentinin bəşəri dəyərlərə, sülhə, demokratiyaya, qarşılıqlı əməkdaşlığa, dostluğa və insanlığa sadiqliyindən, haqq-ədalət yolundakı qətiyyətindən qaynaqlanır. Ölkə başçısı hələ torpaqlarımız işğal altında olarkən dəfələrlə Ermənistana sülh çağırışları etmiş, Ərazilərimizin danışıqlar yolu ilə azad edilməsinə çağırmışdı. Bu mümkün olmadıqda, müharibə qaçılmaz oldu. Ordumuz düşməni məhv edib, torpaqlarımızdan çıxardı. Azərbaycan qalib dövlət kimi müəyyən imkanlara malik olsa da, yenə də sülh danışıqlarına getdi. Biz bir qarış da olsun Ermənistan torpağını işğal etmədik. Bu gün də dövlətimiz sülhün tərəfdarıdır. Bu, müxbirin Azərbaycan Prezidentinə ünvanladığı “Cənab Prezident, sizcə Ermənistanla, sadəcə, atəşkəs deyil, real sülh sazişi haqqında nə zaman danışmaq olar?” sualına Prezidentin verdiyi cavabından da aydın görünür.

Ölkə başçısı bildirdi ki, bu sualı Ermənistana ünvanlamaq lazımdır: “Mən dəfələrlə açıq bəyanat vermişəm ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır. Bu vaxta kimi Ermənistan rəhbərliyindən heç bir cavab verilməmişdir. Mən bu cür bəyanatları altı aydan çoxdur ki, dəfələrlə etmişəm. Bu, onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir””.

Millət vəkilinin sözlərinə görə, Brüssel səfəri və bu görüşlərin nəticələri, Avropa İttifaqı Şurasının prezidentinin üçtərəfli görüşün nəticələrinə dair yayımladığı bəyanatda əksini tapan müddəalar tamamilə Azərbaycan Prezidentinin mövqeyi ilə üst-üstə düşür və dövlətimiz üçün çox önəmlidir:

“Bəyanatda 10 dekabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi qəti şəkildə qarşıya qoyulur.

Sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiya infrastrukturunun yaradılması, dəmir yolunun çəkilməsi, Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafı Avropa İttifaqının diqqət mərkəzindədir ki, bu da dəstəklənir. Göründüyü kimi, zaman bizim xalqın xeyrinə işləyir, ölkə başçısının yürütdüyü düşünülmüş siyasət hər birimizi ürəkdən sevindirir”.