Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.
Bunu Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində çıxışı zamanı deyib.
Dövlətimizin başçısı, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığı qeyd edib, bu münasibətlərin də strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizin XXI əsrin ən böyük infrastruktur layihələrindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bu layihənin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazının Avropa məkanına çatdırıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan qazı artıq Avropa İttifaqının üç ölkəsinə – İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycanın istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir. Dövlətimizin başçısı Azərbaycan qazının etibarlı və yeni mənbə olaraq Avropa İttifaqı bazarına çatdırıldığını vurğulayaraq, bildirib ki, baş verən son hadisələr də enerji təhlükəsizliyi baxımından şaxələndirmənin vacibliyini göstərir.