Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu tərəfindən kömək göstərilə bilər.
Bunu Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində çıxışı zamanı deyib.
Dövlətimizin başçısı vurğulayıb ki, əvvəlki illərdə Ermənistan rəhbərliyi adətən beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlar edirdi. Bu dəfə isə belə bir halın baş vermədiyini müsbət qiymətləndirən Prezident İlham Əliyev öz növbəsində Ermənistana qarşı bilavasitə fikir səsləndirmədiyini qeyd edib. Dövlətimizin başçısı deyib ki, bu, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün münbit zəminin yarandığını göstərir.
Prezident İlham Əliyev, həmçinin ATƏT-in Minsk qrupunun roluna toxunaraq 28 il ərzində aparılan danışıqlarda hər hansı bir nəticənin hasil olmadığını diqqətə çatdırıb. Azərbaycanın ATƏT-in Minsk qrupundan yeni geosiyasi reallığa uyğun cavab gözlədiyini bildirib. Deyib ki, bu xüsusda Azərbaycan tərəfi hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu tərəfindən kömək göstərilə bilər.