AFFA-nın və Xızı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 18 dekabr 2021-ci il tarixdə Xızı rayonunda keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində karantin rejminin tələblərinə əməl etməklə Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilib.
2021-ci il ərzində qeyd olunan layihə üzrə tədbirlər Fizuli, Tərtər, Bərdə, Oğuz Xəzər, Cəbrayıl, Ağdaş, Tovuz, Gədəbəy, Kürdəmir, Səlyan, Göyçay, Beyləqan, Göygöl, Qobustan, Şəmkir rayonunun qəsəbə və kəndlərində, Gəncə şəhərinin Kəpəz rayonunda Vətən müharibəsi zamanı düşmənin raket hücumuna məruz qalmış ərazisində keçirilmişdir. Xızı rayonunun Giləzi kəndində keçirilmiş tədbirdə 50 məktəbli uşaq o cümlədən şəhid ailələrindən olan uşaqlar iştirak etmişdir. Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Milli Məclisin deputatları Müşviq Məmmədli, Arzu Nağıyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Kamran Quliyev və rayon ictimayyətinin nümayəndələri iştirak etmişdir. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Milli Məclisin deputatları Rauf Əliyev, Müşviq Məmmədli, Arzu Nağıyev çıxış ediblər. Çıxış edənlər qeyd etdiblər ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar qazanılmışdır. Eyni zamanda çıxış edənlər Respublikamızın müxtəlif regionlarının kənd və qəsəbələrdə belə tədbirlərin təşkil edilməsinin kənd yerlərində idmanın inkişafı üçün əhəmiyyətini qeyd etmişlər. Bu günkü tədbirdə iştirak edən 50 məktəbli uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilmişdir.
Bu layihə üzrə tədbirlərin Respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulmuşdur.