Home Biznes və iqtisadiyyat xəbərləri Fransa və onun nümayəndələri davamlı sülhə doğru çalışmaq üçün qərəzsiz olduqlarını nümayiş...

Fransa və onun nümayəndələri davamlı sülhə doğru çalışmaq üçün qərəzsiz olduqlarını nümayiş etdirməlidirlər – Assosiasiya

186
0
SHARE

Fransada Azərbaycanın Dostları Assosiasiyası dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar partiyasının namizədi Valeri Pekresin Azərbaycan Respublikasının Xankəndi şəhərinə təxribat xarakterli səfərindən təəssüflənir.

Bu barədə Fransada Azərbaycanın Dostları Assosiasiyasının yaydığı məlumatda qeyd olunub.

Məlumatda deyilir:

“Bu şəhər beynəlxalq qurumlar tərəfindən Azərbaycan ərazisinin bir hissəsi kimi tanınır və bu əraziyə səfər Azərbaycanın suveren hakimiyyət orqanları olmadan təsəvvür edilə bilməz.

Əgər Xanım Pekres sülhü müdafiə etmək istəyirsə, tarix dərslərini yenidən nəzərdən keçirməklə başlamalıdır. Qarabağa səfər etməklə Azərbaycanın suverenliyini pozaraq, təxribat törədir və sülh quruculuğunda hər hansısa rolu oynamaq hüququndan özünü məhrum edir.

Xatırlatmaq istərdik ki, Azərbaycan da Fransa kimi dünyəvi ölkədir və buna görə də biz başa düşə bilmirik ki, bu seçkiqabağı kompaniya zamanı edilən bəyanatlar niyə Şərqi xristianlara qarşı qondarma bir dini təhlükənin qabardılmasına doğru yönəldilir!

Papa həzrətlərinin son illərdə bir neçə dəfə səfər etdiyi Azərbaycan ərazisində xristianlar tam əmin-amanlıq şəraitində yaşayırlar.

Qarabağ münaqişəsi iki dövlət arasında sırf ərazi münaqişəsi idi, Ermənistan otuz il ərzində BMT Təhlükəsizlik Şurasının qınaqlarına baxmayaraq Azərbaycan ərazisinin demək olar ki, 20%-ni hərbi yolla işğal işğal altında saxlayıb.

Ötən il atəşkəsin bərpa olunmasından sonra bu ərazilərin qanuni yolla geri alınması Fransanın 1918-ci ildə Elzas-Lotaringiyanı alman işğalçı qüvvələrindən azad etməsi kimi beynəlxalq hüququn qələbəsi kimi qiymətləndirilməlidir.

Fransa və onun nümayəndələri davamlı sülhə doğru çalışmaq üçün beynəlxalq hüququn elementar normalarına hörmət edərək qərəzsiz olduqlarını nümayiş etdirməlidirlər.

Xanım Pekres xırda siyasi hesablamalarında bunu bilərəkdən unudub və o, iddia etdiyi, sülh tapmaq məsuliyyətini nəzərdə tutan mövqeyə layiq olmaqdan uzaqdır”.