Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyev: Bu ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər...

Prezident İlham Əliyev: Bu ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcək

242
0
SHARE

Bu ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir.

Bu barədə Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən deyib.

Dövlət başçısı bildirib:

“Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınmışdır. Onların böyük əksəriyyəti yeni inşa edilmiş hərbi hissələrdir. Bir hissəsi isə əsaslı təmir edilmiş hərbi hissələrdir. Biz bu sahəyə çox böyük diqqət yetirirdik, çünki hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tuturdu və deyə bilərəm ki, bu gün Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr bizim standartlarımıza cavab verir.

Bu hərbi hissənin açılması çox böyük əhəmiyyət daşıyır. Çünki bu hərbi hissə işğaldan azad edilmiş ərazidə – Xocavənd rayonunda açılır və ordumuzun sərəncamına verilir. Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzində idi. Bildiyiniz kimi, 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə mənim Fərmanımla dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Bu ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Yəni, ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır”.