Home Biznes və iqtisadiyyat xəbərləri Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqəti Azərbaycanı regionda güclü dövlətə...

Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqəti Azərbaycanı regionda güclü dövlətə çevirib – Türkiyəli general

328
0
SHARE

Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğısı Azərbaycanın regionda güclü bir dövlət olmasını şərtləndirib.

Bunu ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.

Ordumuzda yeni komando birliklərinin yaradılmasından danışan general bildirib ki, 44 günlük Vətən müharibəsinin təcrübələrindən yola çıxan Azərbaycan hərbi texnikalarını yeniləmə, yeni taktika və doktrinalara qarşı tədbirlər alma, birliklərin idarəetməsini təkmilləşdirməklə dosta güvən, düşmənə qorxu salacaq regional güc ordusu yaratmaq istiqamətində əzmlə irəliləyir.

“Qeyd edim ki, quru qoşunları 3 hissəyə ayrılır. Birincisi normal birliklərdir. Bunlar şərti müharibə tapşırıqlarının icrasında iştirak edir. İkincisi komandodur. Bu, ərazi və iqlim şəraitindən asılı olmayaraq, fəaliyyət göstərmək üçün xüsusi avadanlıqlarla, o cümlədən gecə görüşü, dağ, dərə, maneələrdən keçmə sistemləri ilə təchiz edilmiş hərəkət qabiliyyəti yüksək olan birliklərdir. Üçüncüsü isə xüsusi təyinatlı qüvvələrdir ki, bu da komandoların daha təkmil formasıdır. Bu qüvvələr ordunun icra edəcəyi əməliyyatların şəraitinə görə təşkil edilir. Qonşuları ilə sərhədləri, eyni zamanda əməliyyat icra edəcəyi coğrafiya nəzərə alındıqda, Azərbaycanın normal birliklərdən daha çox havada və quruda tapşırıqları yerinə yetirəcək komando birliklərinə ehtiyacı olduğu görünür. 44 günlük Vətən müharibəsində, xüsusən də Hadrut və Şuşanın alınmasında bu komando birliklərinə nə qədər ehtiyac olduğu bir daha üzə çıxdı. Hansı ki, vaxtında alınmış tədbirlər sayəsində bu qüvvələr yüksək səviyyədə təşkil olunmuşdu”, – deyə general bildirib.

Onun sözlərinə görə, dövrün tələbləri ilə ayaqlaşmaq üçün idarəetmə, doktrina, müdafiə sənayesi sahəsindəki fəaliyyətlər dinamik olmalıdır.

“Hərbidə belə bir termin var: müharibə üçün yenidən tərtiblənmə və təşkilatlanma. Azərbaycan Vətən müharibəsində qazanmış olduğu təcrübə sayəsində, həmçinin yeni sərhədləri və qonşu ölkələrin coğrafiyaları nəzərə alınaraq, komandoların sayının artırılması reallığı ilə üzləşdi. Bu bir il ərzində normal piyada birlikləri komando birliklərinə çevrildi, eyni zamanda yeni komando briqadaları yaradıldı. Ordunun idarəçiliyində də dəyişikliklər edilərək, dinamik idarəçilik modelinə keçildi. Nəticədə, çox qısa bir müddətdə Azərbaycan Silahlı Qüvvələri müasir dövrün tələbləri, qonşu ölkələrin coğrafiyaları və ordularının imkan qabiliyyətlərinin tələb etdiyi formaya uyğunlaşdı. Əgər idarəetməniz, doktrinanız, müdafiə sənayesi fəaliyyətləriniz müasir və dinamik deyilsə, rəqiblərinizdən geridə qalacaqsınız. Məhz bu kontekstdə Azərbaycanın Ali Baş Komandanının ordu quruculuğuna diqqət və qayğısı Azərbaycanın regionda güclü bir dövlət olmasını şərtləndirib. Bu islahatların davam etdirilməsi əhəmiyyətlidir”, – deyə Y.Karauz qeyd edib.
General həmçin əlavə edib ki, Vətən müharibəsi Azərbaycanın müdafiə sənayesi sahəsindəki fəaliyyətlərinin də doğru istiqamətdə aparıldığını göstərdi.

“Azərbaycan dünyada müasir texnikası olan nə qədər ölkə varsa, onlarla əməkdaşlıq edib. Təbii ki, müharibə dövründə uğurlu olan və olmayan silah sistemləri də olur. Post müharibə dövründə bu məsələlər nəzərdən keçirilir, sistemlərin daha da mükəmməlləşdirilməsi istiqamətində addımlar atılır. Burada Azərbaycanın uğurlu olduğu iki əsas məqam var. Birincisi, tək bir ölkədən asılı olmamaq, digəri də həddən artıq müxtəlifliyə getməmək. Bir orduya təxminən 10 ölkənin silah sistemi daxil olursa, bunların bir-biriləri ilə koordinasiyasında çox ciddi problemlər yaşana bilər. Azərbaycan Vətən müharibəsinin qazandırdığı təcrübələr işığında mövcud İHA, SİHA, elektron sistemlər, beşinci nəsil müharibələrin tələbləri, hibrid müharibələrinə hazırlıqla bağlı da fəaliyyətlərini davam etdirir. Artıq sadəcə al-sat mövqeyindən çxış etmir, Şuşa bəyannaməsində də qeyd olunduğu kimi, Türkiyə və digər ölkələrlə birgə istehsalat sahəsində əməkdaşlıq edir. Bu, həm ordunun imkanlarının artırılması, həm də digər ölkələrə hərbi texnikaların satılması baxımından mühüm amildir”, – deyə o vurğulayıb.