25 dekabr 2021-ci il tarixdə Deputat Elşad Mirbəşir oğlu Göygöl rayonunun Çaykənd kəndində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi üçün tikilən xatirə abidəsinin açılışında iştirak etmişdir. Tədbirdə rayon rəhbərliyi, idarə və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, kənd ziyalıları, rayon sakinləri, gənclər və məktəblilər iştirak etmişdir. Tədbiri giriş sözü ilə Göygöl rayon İcra Hakimiyyəti Başçısı vəzifəsini müvəqqəti icra edən Turani Əliyev açmışdır. Daha sonra Deputat Elşad Mirbəşir oğluna söz verilmişdir. Deputat açılış mərasimindəki nitqində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qorunmasında şəhid və qazilərimizin, igid vətən oğullarının şücaətindən, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasətindən danışmış, qazilərə şəfa, bütün şəhidlərimizə Tanrıdan rəhmət diləyərək, hər birinin xalqımızın ürəyində əsrlər boyu daim yaşayacağını qeyd etmişdir. Tədbirdə həmçinin Şəhid ailələrinin üzvləri də öz ürək sözlərini çatdırmış, abidənin tikintisində əməyi olan hər kəsə təşəkkür etmişlər. Sonda məktəblilər Vətənə və Şəhidlərə həsr edilmiş şeirlər söyləmişlər.