Home Biznes və iqtisadiyyat xəbərləri “Dünya azərbaycanlılarının birliyi nə qədər möhkəm olarsa, uğurlarımız bir o qədər artar”...

“Dünya azərbaycanlılarının birliyi nə qədər möhkəm olarsa, uğurlarımız bir o qədər artar” -Deputat

261
0
SHARE

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Həmin günün bayram kimi qeyd olunması milli diasporun təşkilatlanmasında, Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri olub. Diaspor quruculuğu sahəsində dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, Azərbaycanla əlaqələrini genişləndirməkdən ibarətdir.

Dünya azərbaycanlılarının həmrəyliyi, soydaşlarımızın vahid Azərbaycançılıq ideyası ərtafında birləşməsi hər zaman yüksək dəyərləndirilir.

Millət vəkili Tahir Rzayev tan.az-aa bununla bağlı bildirdi ki, diaspor xalqımızın milli maraqlarına, ölkəmizin tanıdılmasına və bilavasitə xarici ölkələrdə yaşayan soydaşlarımızın birliyinə, bir məqsəd uğrunda mübarizəyə xidmət edir:

“Bu birlik və mütəşəkkillik nə qədər möhkəm və əhatəli olarsa, uğurlarımız da bir o qədər artar. Biz dünyada demokratik, inkişaf edən bir ölkə kimi şöhrətlənərik. Ulu öndər Heydər Əliyev bu baxımdan dünya azərbaycanlılarının həmrəyliyinə böyük önəm verir və Azərbaycançılıq ideologiyasının təbliğ olunmasını vacib hesab edirdi. 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının Bakıda keçirilməsi buna parlaq nümunədir. Sonrakı dövrlərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə 3 dəfə bu qurultayların yüksək səviyyədə təşkili və keçirilməsi dünya azərbaycanlılarının həyatında mühüm hadisə olub, onların nəcib məqsədlər uğrunda mübarizəsinə böyük təkan verib. Xalqımızın apardığı haqq mübarizəsində 44 günlük müharibə zamanı bu, özünü bir daha aydın şəkildə göstərdi.

Dünyanın 70 ölkəsində 50 milyondan çox soydaşlarımız bu müharibədə böyük həmrəylik və birlik nümayiş etdirərək öz çağırışları ilə ölkəmizə böyük dəstək verdilər. Bayram ərəfəsində də bu dəstək hiss olunmaqdadır. Dünya azərbaycanlıları həmrəylik gününü böyük şadyanalıqla qeyd etməklə dövlətimizin inkişafını, qazandığımız qələbələri, xalqımızın firavanlığını alqışlamaqla, xoş sözlər söyləməklə birliyimizə, həmrəyliyimizə yeni məna verirlər. Bu, onu göstərir ki, hər hansı ölkədə yaşamalarına baxmayaraq azərbaycanlılar birdir, yekdildir, onların həmrəyliyi əbədidir. Mən qarşıdan gələn bayramlar münasibətilə dünya azərbaycanlılarını bir daha ürəkdən təbrik edir, onlara öz işlərində uğurlar arzu edirəm”.