Home Biznes və iqtisadiyyat xəbərləri “Bir neçə il sonra paytaxt Bakıdan digər şəhərlərin birinə köçürə bilər” –...

“Bir neçə il sonra paytaxt Bakıdan digər şəhərlərin birinə köçürə bilər” – Deputat

315
0
SHARE

“Müstəqil Azərbaycan Respublikası yarananda hökumət ilk dəfə Gəncədə yerləşib. Ona görə də paytaxtın köçürülməsi məsələsi gündəmə gələndə daha çox Gəncə təklif edilir. Bundan başqa, Şamaxı, xüsusilə son zamanlar isə Şuşanı təklif edənlər də var. Ümumiyyətlə paytaxtın köçürülməsi asan məsələ deyil. Əlbəttə ki, paytaxtın yerləşdiyi şəhərin infrastrukturu buna imkan verməlidir. Həmçinin digər bütün ərazilərdən paytaxta gediş-gəlişin rahatlığı təmin edilməlidir. Bu, düşündürücü məsələdir. Fikrimcə, paytaxtın köçürülməsindən əvvəl Bakının yükü azaldılmalıdır, çünki doğrudan da Bakının yükü çox ağırdır. Misal üçün, bir sıra universitetlər, yerlərdə fəaliyyəti mümkün olacaq nazirliklərin paytaxtdan köçürülməsi doğru addım olardı”.

Bunu Tan.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Parlament üzvü bildirib ki, tıxacların qarşısını almaq, əhalinin ərzaq təminatını yaxşılaşdırmaq, sıxlığı müəyyən qədər aradan qaldırmaq üçün bir sıra müəssisələrin Bakıdan köçürülməsi vacibdir: “Əlbəttə ki, paytaxtın Bakıdan köçürülməsi perspektivdə duran məsələdir, lakin bu, uzun illər tələb edir. Paytaxtın köçürüləcəyi şəhərin abadlaşdırılması, həmin regionun paytaxt şəhərinə kimi uyğunlaşdırılması vaxt tələb edir. Bu gün Bakı dünyanın ən gözəl və ən çox inkişaf etmiş şəhərlərindən biridir. Bakıya gələn qonaqlar ilk dəfə ölkənin simasına, onun mədəniyyəti və inkişafına qiymət verməkdən ötrü paytaxda gedən quruculuq və abadlıq işləri ilə tanış olurlar. Yəni, ilkin təəssürat paytaxtdan yaranır. Paytaxt şəhəri mütləq füsunkar, gözəl və inkişafda olan olmalıdır”.

 

T.Rzayev hesab edir ki, indiki halda paytaxtın köçrülməsi real görünmür: “Doğrudan da, bu, ciddi vaxt tələb edir. Lakin Azərbaycan bir neçə il sonra paytaxtı Bakıdan digər şəhərlərin birinə köçürə bilər. Təsəvvür edin, qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanını istifadəyə verə bilən bir ölkə qısa müddət ərzində paytaxtı da köçürə bilər. Onu da qeyd edim ki, bu gün Göyçay və Gəncənin respublikanın mərkəzi rayonlarından biri kimi paytaxt seçilməsi mümkündür. Həmin regionlar paytaxt kimi əlverişli ola bilər, lakin bu gün Bakı daha güzəldir”.