Yaponiyanın “ajmedia.jp” saytı Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 27-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın yeni binası ilə tanış olması barədə məlumat yayıb.
AZƏRTAC-a istinadla ingilis və yapon dillərində yayılan məlumatda Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanovun dövlətimizin başçısına binada yaradılan şəraitlə bağlı məlumat verdiyi bildirilib.
Qeyd edilib ki, yeni bina Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən inşa olunub. İlk xəbəri 1920-ci il martın 2-də işıq üzü görən Agentlik Azərbaycan Xalq Cümhuriyyətində baş verən hadisələri, hökumətin gördüyü işləri cəmi 58 gün işıqlandıra bilib. Sovet dövründə isə agentliyin adı 7 dəfə dəyişdirilib.
Azərbaycan müstəqilliyini bərpa etdikdən, xüsusən də ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra AZƏRTAC-ın keçmiş sovet respublikalarının informasiya agentlikləri arasında qabaqcıl yerə çıxdığı diqqətə çatdırılıb.
1995-ci il martın 3-də ulu öndər Heydər Əliyevin imzaladığı Fərmanla Agentliyə dövlət informasiya orqanı statusu verildiyi, beynəlxalq informasiya məkanına çıxması üçün ona hər cür şərait yaradıldığı qeyd edilib. Həmin dövrdən başlayaraq AZƏRTAC regional və beynəlxalq media qurumları ilə sıx əlaqələr qurub.
Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə də AZƏRTAC-ın xüsusi dövlət qayğısı ilə əhatə olunduğu bildirilib. Vurğulanıb ki, hazırda Azərbaycan AZƏRTAC-ın timsalında Dünya Xəbər Agentlikləri Şurasının səsvermə hüququna malik 13 üzvündən biridir. AZƏRTAC Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatında (OANA) vitse-prezident və İslam Ölkələri Xəbər Agentlikləri Təşkilatında (UNA) büro üzvüdür.
Yazıda AZƏRTAC-ın 7 regional və beynəlxalq media təşkilatının üzvü olması, son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalaması, 150-dək agentliklə informasiya mübadiləsi apardığı da əksinin tapıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio