Dekabrın 31-nə keçən gecə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında cari ayda ikinci dəfə telefon danışığı olub.
Telefon danışığı 50 dəqiqə davam edib. Danışıqların təşəbbüskarı Rusiya tərəfi olub.
Dekabrın 7-də C.Bayden və V.Putin arasında iki saatlıq videokonfrans formatında danışıqdan fərqli olaraq, bu dəfə danışıqların heç bir ictimai hissəsi olmadı. Söhbətin nəticələri barədə Ağ Ev və Kremlin dərc etdiyi rəsmi press-relizlərdən, həmçinin Rusiya və Amerika administrasiyalarının nümayəndələrinin sözlərindən məlumdur.
Vaşinqton administrasiyasının nümayəndəsi bildirib ki, ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasında söhbət məzmunlu və ciddi olub, iki ölkə başçıları arasında ünsiyyət dünyada gərginliyi azaltmağın ən yaxşı yoludur:
“Dövlət başçıları, xüsusən də ölkələrimiz arasında intensiv diplomatiya dövrü başlamazdan əvvəl ünsiyyət hazırkı çox ciddi şəraitdə irəliləməyin ən yaxşı yoludur”.
Öz növbəsində, Ağ Ev vurğulayıb ki, ABŞ prezidenti Co Bayden NATO-Rusiya Şurası vasitəsilə Şimali Atlantika Alyansı ilə, eləcə də gələn ilin əvvəlində ATƏT ilə problemlərin diplomatik həlli, strateji sabitlik üzrə ikitərəfli dialoqa dəstəyini ifadə edib:
“Prezident Co Bayden təkrar bildirib ki, bu dialoqda əhəmiyyətli irəliləyiş eskalasiya ilə deyil, deeskalasiya mühitində baş verə bilər”.