Bütün bəşəriyyəti narahat edən korrupsiyanın transmilli xarakter daşıması nəzərə alınaraq bu qlobal bəla ilə mübarizədə beynəlxalq səylərin birləşdirilməsi, korrupsiyaya qarşı mübarizə aparan qurumların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə 2006-cı ildə BMT-nin dəstəyi ilə ixtisaslaşmış beynəlxalq təşkilatın – Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (IAACA) yaradılması qərara alınıb. Ölkəmiz korrupsiyaya qarşı mübarizəyə, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verərək dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq onun həmtəsisçilərindən biri olub.
Ədliyyə Nazirliyinin Mətbuat xidməti bildirib ki, 100-dən çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının işində Azərbaycan daim fəal iştirak edir, beynəlxalq antikorrupsiya əməkdaşlığının genişləndirilməsinə mühüm töhfələr verir. Dövlətimizin beynəlxalq nüfuzunun təzahürü olaraq ölkəmizin ədliyyə naziri Fikrət Məmmədov qurumun vitse-prezidentidir.
Ötən ilin dekabrında qurumun İcraiyyə Komitəsinin iclasında Assosiasiyanın rəhbərliyinin səlahiyyət müddətinin başa çatması ilə bağlı yenidən formalaşdırılması məqsədilə yeni namizədlər təsdiq edilib.
Bununla əlaqədar cari il yanvarın 5-də Assosiasiyanın videoformatda Ümumi Yığıncağı təşkil olunub. Bütün qitələrdən olan dövlətlərdən 90-dan çox nümayəndənin qatıldığı tədbirdə qurumun rəhbərliyinin seçkisi keçirilib və Honqkonqun Antikorrupsiya Komissiyasının rəhbəri təşkilatın yeni prezidenti, Azərbaycanın Assosiasiyaya yaradıldığı gündən daim göstərdiyi əməli dəstək, habelə işinə verdiyi dəyərli töhfələri nəzərə alınaraq, respublikamızın ədliyyə naziri isə yenidən qurumun vitse-prezidenti seçilib.
Tədbirdə çıxış edən nazir F.Məmmədov IAACA-nın qlobal antikorrupsiya fəaliyyətində mühüm rolunu qeyd edib, bu sahədə ölkəmizin təcrübəsini bölüşərək, dövlət başçısının rəhbərliyi ilə respublikamızda korrupsiyaya qarşı aparılan mübarizə tədbirlərindən bəhs edib. Nazir Assosiasiyanın inkişafına bundan sonra da öz səylərini əsirgəməyəcəyini bildirib, IAACA-nın gələcək fəaliyyətinə dair təkliflər irəli sürüb.
Eyni zamanda, IAACA-nın Konstitusiyasına dəyişikliklərin edilməsi, qurumun Baş katibinin, fəxri üzv və müşavirlərin seçilməsi məsələsinə baxılıb, ölkəmizin təklifləri nəzərə alınmaqla müvafiq qərarlar qəbul olunub.
Elə həmin gün Assosiasiyanın yeni formalaşdırılmış İcraiyyə Komitəsinin iclası keçirilib. IAACA-nın rəhbər orqanı olan Komitədə bütün qitələrdən, o cümlədən Avropadan İtaliya, İspaniya, Fransa, Azərbaycan və s. təmsil olunur.
İclasda təşkilati və digər məsələlər müzakirə olunub, antikorrupsiya tədbirlərinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı Assosiasiya rəhbərliyinin konkret regionlar üzrə səlahiyyətləri müəyyən edilib. 20-dən çox dövləti əhatə edən Şərqi Avropa regionu ölkəmizin ədliyyə nazirinə həvalə olunub.
Qeyd edilib ki, IAACA tərəfindən konkret regionlar üzrə korrupsiya ilə mübarizə sahəsində fəaliyyətin əlaqələndirilməsi, Assosiasiyanın bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi, müsbət təcrübələrin bölüşülməsi, bu məqsədlə görüşlərin, treninqlərin və digər tədbirlərin təşkili nəzərdə tutulur.
Bununla əlaqədar iclasda müvafiq fəaliyyət planının hazırlanması qərara alınıb.