Home Biznes və iqtisadiyyat xəbərləri Xalqımız dövlət başçımızın siyasi iradəsinə sadiqdir

Xalqımız dövlət başçımızın siyasi iradəsinə sadiqdir

274
0
SHARE

“Qazaxıstanda baş verən hadisələr dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycanda da maraqla izlənilir, geniş müzakirələrə yol açıb. Xüsusilə sosial şəbəkələrin Azərbaycan seqmenti Xəzərin o tayında baş verənləri diqqətdə saxlayır. Hər hansı ölkədə baş verən hadisələri Azərbaycana köçürmək istəyən qruplar, maraqlı dairələr yenə də aktivlik nümayiş etdirirlər. Reallıq isə odur ki, avantüristlərin düşüncələri, səsləndirdikləri fikirlər Azərbaycan cəmiyyətinin rəyini əks etdirmir, xalqın, cəmiyyətin çağırışlarına cavab vermir, onlar ilə ayaqlaşmır”.

Bu sözləri tan.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, peşəsindən, siyasi dünyagörüşündən, cəmiyyətdə hansı mövqe tutmasından asılı olmayaraq böyük əksəriyyət hadisələrə şərh verməyə can atır:

“Təbii ki, insanların məlumatlı olması normal və hətta olduqca müsbətdir. Lakin kütləvi şəkildə siyasi proseslərə meyil etmək, siyasi hadisələrə subyektiv maraq dairəsindən şərh vermək qəti düzgün deyil, kütləni yanlış istiqamətə səsləmək, öz maraqları naminə istifadə etməkdir. Belə halların sonu isə məlumdur. Bununla bağlı digər ölkələrin praktikaları və acınacaqlı aqibətləri geniş fikir formalaşdırmağa imkan verir. Bu qruplar xalqı dövlətə qarşı qaldırmağa çalışır və burada heç şübhəsiz ki, xarici siyasi texnoloqların da “əməyi” görünməyə bilməz. Birincisi, Azərbaycanın Qarabağ savaşında əldə etdiyi uğur xalqımızın cənab Prezident İlham Əliyevin ətrafında nə qədər sıx birləşdiyini və dövlət başçımızın yanında nə qədər qətiyyətlə dayandığını bir daha sübut etdi. Bu reallıqdan sonra Azərbaycanı digər postsovet ölkələrlə müqayisə etmək yanlış hesablanmış cəhdlərdir. Nəzərə alsaq ki, bu cür cəhdlər ilk dəfə deyil ki, Azərbaycanda da baş verir, nəticəsinin nə olduğunu da onlar nəzərə almalıdırlar”.

Siyasi şərhçi bildirib ki, ölkəmizdə belə uğursuz eksperiməntlər üçün heç bir zəmin və situasiya mövcud deyil:

“Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur. Azərbaycan Prezidenti xalqımızın milli maraqlarını rəhbər tutaraq siyasət yürüdür, dövlət başçımızın siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan dövləti heç bir qonşu dövlətlə neqativ məcrada deyil, müsbət, konstrutkiv istiqamətdə münasibətlər qurmaqda maraqlıdır və bunu da hər zaman ən ali səviyyədə bəyan etmişik. Əldə edilən Zəfər regionda əmin-amanlığın daha da gücləndirilməsinə və iqtisadi tərəqqiyə təkan verəcək hadisədir. Azərbaycan xalqı 30 illik işğala öz qəhrəman əsgər və zabitlərinin canı-qanı bahasına son qoydusa, bu Müzəffər Ali Baş Komandan İlham Əliyevin illərlə ordu quruculuğu istiqamətində atdığı qətiyyətli və sistematik işlərin nəticəsi idi ki, hər bir əsgər və zabit Ali Baş Komandanın əmrinə bir nəfər kimi tabe oldu, xalq öz dövlət başçısının ətrafında monolit birlik nümayiş etdirdi. Azərbaycan Prezidenti xalqın milli maraqlarını təmin edən siyasət həyata keçirir, xalqımız da dövlət başçımızın siyasi iradəsinə sadiqdir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti zamanı da konkret mesajlar verdi və düşünürəm ki, 2022-ci ilin “Şuşa İli” elan olunması həm Şuşanın bərpasını, həm də Qarabağa qayıdış proseslərini daha da sürətləndirəcək. Şuşa şəhərinin 270 illiyinin qeyd olunacağı bu il torpaqlarımıza dönüş ili kimi tarixə düşəcək. Bu istiqamətdə qlobal krizisə baxmayaraq Azərbaycan dövləti bütün potensialını və resurslarını səfərbər edib. Bütün dünya dövlətlərini ağuşuna alan iqtisadi krizisin gətirmiş olduğu çətinlikləri minimallaşdırmaq üçün hər bir dövlət qlobal qiymət çağırışlarına çevik və effektiv cavab vermək üçün alternativ sosial paketlər planını göz önündə saxlayır. Azərbaycan da çoxsaylı islahatlar paketi həyata keçirir və lazım olan məqamda onların əhatə dairəsinin genişləndirilməsi dövlətimiz üçün istisna deyil. Azərbaycan bu ili sülhün bərpası kimi yekunlaşdırmaq niyyətində və əzmindədir”.